



“Qarabağ” üçün Avroliqada ilk 4 potensial rəqib
Çempionlar Liqasından Avropa Liqasına düşən ilk 4 komanda bəlli olub.
Futbolmedia.az xəbər verir ki, dünən gecə 4 qrupda keçirilən oyunlardan sonra həmin komandaların adına aydınlıq gəlib. Öz qruplarında 3-cü yeri tutan “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa” və “Benfika” (hər ikisi Portuqaliya) avrokuboklarda mübarizəni AL-in pley-off (1/16 final) mərhələsində davam etdirəcəklər. Həmin mərhələyə ÇL-dən qoşulacaq sonuncu 4 iştirakçı bugünkü qrup oyunlarından sonra bilinəcək.
Qeyd edək ki, onların “pley-off”da rəqibləri AL-də öz qruplarında 2-ci yeri tutan komandalar olacaq. Potensial rəqiblər sırasında Azərbaycan təmsilçisi “Qarabağ” da var. Ağdam təmsilçisi sabah “Hekken”ə (İsveç) qarşı AL-də qrupun son oyununa çıxacaq. Bakıda keçiriləcək bu görüş yerli vaxtla saat 21:45-də başlanacaq. Ağdam təmsilçisi qalib gələcəyi halda qrupun digər matçı - “Bayer” (Almaniya) - “Molde” (Norveç) oyununun nəticəsindən asılı olmayaraq 1/16 finala vəsiqə qazanacaq. Bu isə Azərbaycan futbol tarixində bir ilk olacaq.
Azərbaycan Premyer Liqası























