Almeyda: “Azərbaycan millisində oynamaq üçün pul almadım“
Millimizin və "Zirə"nin futbolçusu Riçard Almeyda "Tribunaexpresso" nəşrinə müsahibə verib.

Futbolmedia.az xəbər verir ki, o, ilk növbədə ölkəmizdə koronavirusla bağlı vəziyyət haqda sualı cavablandırıb:

"Azərbaycanda demək olar ki, hər yer açıqdır. Amma restoran və bank kimi qapalı məkanlarda qaydalara əməl etməli və məsafə saxlamalıyıq. Məncə, ölkədə koronavirusla bağlı vəziyyət Portuqaliyadakına bənzəyir. Yoluxmuş insanların sayı gündəlik 700 civarındadır. Azərbaycan 10 milyon əhaliyə malik ölkə olduğundan virusla bağlı vəziyyəti idarə etməyi bacarır. Bu virusla oynamamalıyıq, çünki ölümə səbəb olur. Yalnız burada deyil, bütün dünyada bir çox insan vəfat edir. Braziliyada isə daha çox insan dünyasını dəyişir. Burada vəziyyətə nəzarət etməyi bacardılar. Ölkədə peyvəndlərə başlanılıb. Əvvəlcə daha yaxşı insanları peyvənd vururlar. Sonra sıra gənclərə gələcək".


32 yaşlı yarımmüdafiəçi özünün və ailəsinin Azərbaycanı bəyəndiyini deyib: "Mən və ailəm günə tez oyanaraq başlayırık. Buradakı əhalinin hamısı müsəlman deyil. Çox sayda rus, ukraynalı var. Gündəlik həyat yaxşıdır, ailəmin və mənim sevdiyim ölkədir. Həyat yoldaşım da buranı bəyənir, qızım məktəbdə yaxşı oxuyur. Hər kəs sənə hörmət edir və hamı insanlara köməklik etməyi sevir. Xüsusən də əcnəbilərə. Onlar mehriban insandırlar. Yaşamaq üçün çox yaxşı ölkədir. Cinayət yoxdur, sakit və dinc yerdir və bu, məbim üçün ən vacib şeydir. Ən çox dəyər verdiyim məqam ailəmin təhlükəsizliyidir".

Almeyda ölkəmizə necə gəldiyi ilə bağlı suala cavab olaraq söyləyib: "Menecerim Polşanın "Legiya" (Varşava) klubundan təklif aldığımı dedi. Həmin vaxt Portuqaliyanın "Jil Visente" komandasında çıxış edirdim. Tətil üçün Braziliyaya getmişdim. Səhv etmirəmsə, "Legiya" 2-3 illik müqavilə təklif etdi. Bu səbəbdən qəbul etdik. Daha sonra yatdım və növbəti gün yuxudan oyananda Azərbaycandan, "Qarabağ"dan təklif gəldi, fikrimizi dəyişdik. Həmin vaxt "Qarabağ" ölkə çempionatında 3-cü, 4-cü, 5-ci pillədə idi. Allaha şükür edirəm ki, buraya gəlmək imkanım oldu".

Millimizin üzvü Azərbaycan yığmasını seçməsi ilə əlaqədar bunları deyib: "Azərbaycan vətəndaşı olmağı qəbul etdim və bunun üçün pul almadım. Çünki yığmada oynamağı ürəkdən istəyirdim və beynəlxalq matçlarda ölkəni təmsil etdim"

Xəbər 966 dəfə oxundu.