De Byazi : “Yaxşı sualdır, hətta gülmək istəyirəm“
Tarix: 30.03.2021 | Saat: 22:35:00 | Oxunub: 862 | E-mail | Çapa göndər

"Güclü rəqibə qarşı oynadıq. Bəzən səhvlər bizə baha başa gəlir".

Futbolmedia.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsində Bakıda Serbiya millisinə 1:2 hesablı məğlubiyyətdən sonra mətbuat konfransında deyib.

- Bu nəticədən sonra əhvalınız necədir?


- Özümü yaxşı hiss edirəm. Nəticəyə görə məyusam. Yaxşı nəticəyə köklənmişdik. Rəqibin hücumçusu Mitroviç 3 oyunda 5 qol vurub. Bu gün iki zərbə vurdu, hər ikisi qolla nəticələndi. Bizim isə 4 qol epizodumuz oldu, ancaq yararlana bilmədik. Fərq elə bundadır. Futbolçularıma oyundan sonra təşəkkür etdim. Çünki çox güclü komanda ilə oynayırdıq. İrəliləməkdə, inkişaf etməkdə davam edəcəyik.

- Reallıq budur ki, seçmə mərhələnin ilk iki oyununda xal qazana bilmədik. Yaxın gələcək üçün azarkeşlərə ümidverici nəsə deyə bilərsiniz?

- Kim oyunlarımıza baxsa, görər ki, pozitiv hallar çoxdur. Güclü rəqiblərlə oynadıq. Bu gün son 10 dəqiqədə uduzduq.

- Sizdən əvvəlki baş məşqçi Emin Mahmudovu milliyə dəvət etmirdi və bildirirdi ki, sisteminə uyğun deyil. Sizin Namiq Ələsgərovla bağlı narazılığınız nədir?

- Bütün oyunçuların klubdakı çıxışına da, məşqlərinə də baxıram. Namiqi kənara atmamışam. Onunla bağlı böyük ümidlərim var. Sadəcə, bu gün fiziki cəhətdən güclü rəqiblə oynayırdıq. Bu görüş ona görə deyildi.

- Anatoli Nuriyev meydandan çıxarkən etiraz edirdi...

- Özü əvəzlənmək istədi. Hətta dedi ki, Azər Salahlı da əvəzlənmək istəyir. Onlar özü əvəzləmək istəyirdi.

- İstədiyiniz komandanı formalaşdırmaq və final mərhələsinə daşımaq üçün nə qədər vaxt lazımdır?

- Albaniya ilə Avropa çempionatına çıxmaq üçün 4 il vaxt lazım oldu. İlk iki ildə komandanı qurduq. Sonra Serbiya, Danimarka və Ermənistanı geridə qoyaraq Avropa çempionatına yollandıq.

- Dörd ildən sonra milli üzvləri rəqibdən utanmadan meydana çıxıb mübarizə apara biləcəklər?

- Bu gün yaxşı oynadığımızı fikirləşirəm. Güclü komandaya qarşı fiziki cəhətdən yaxşı mübarizə apardıq. Düz yoldayıq. Bilirəm ki, asan deyil. Asan iş də xoşuma gəlmir. Görürəm ki, uşaqlar da yavaş-yavaş məni başa düşürlər. Fiziki durumumuz da yaxşı olacaq. Altı gün əvvəl Portuqaliya ilə oynadıq. Bu gün ikinci hissədə bəzi oyunçuların gücü çatmırdı.

- Bu oyun fəlsəfəsinə bundan sonra da sadiq qalacaqsınız?

- Yaxşı sualdır, hətta gülmək istəyirəm. Dünən uşaqlarla bu barədə danışdım. Dedim ki, reytinq baxımından qrupda 5-ciyik. Burada qalmaq istəyirik? Əgər dəyişmək istəyiriksə, heç nədən qorxmamalıyıq, sona kimi mübarizə aparmalıyıq. Bu gün ilk hissədə ev tapşırığından qol vura bilərdik. Fikirləşirəm ki, bu fəlsəfə ilə davam edəcəyik. Belə güclü rəqiblərə qarşı olmayacaq. Onların oyunçularının çoxu Avropanın aparıcı klublarında çıxış edir. Bizdə legioner təkcə Nuriyevdir, o da Ukraynanın 13-cü komandasındadır.

- Fərid Nəbiyev adlı futbolçudan xəbərdarsınız?

- Bəli, tanıyıram. Çexiyanın ikinci liqasında oynayır. Amma indi milliyə çağırdığımız oyunçular ondan daha hazırlıqlıdır.

- Qeyd etdiniz ki, cəmi 1 legionerimiz var. Eddi İsrafilov, Dmitri Nazarov kimi oyunçuların üstündən birdəfəlik xətt çəkildi?

- Hazırda daha çox bizim çempionatda olanları çağırırıq. Çünki onlarla işləmək daha asan olar. Gənc komandayıq, formalaşırıq. Çalışırıq ən doğru yolla gedək. Son illər millidə nəticələr yaxşı deyil. Bu tendensiyanı dəyişməyə çalışacağıq.

- Aleksey İsayev debüt oyunundan sonra erməni şəxsin paylaşımına “qardaşım” yazıb. Onu milliyə dəvət edərkən ictimaiyyətin fikrini nəzərə alacaqsınız?

- O özü də başa düşür ki, çox böyük səhv edir. Ona görə də yazdığını sildi. İsayevi buna görə öldürməyə dəyməz. Əsas odur ki, səhvini başa düşüb.

- Sabiq komandanız Albaniya millisinin futbolçularında hansı müsbət xüsusiyyət var ki, bizim futbolçularda yoxdur?

- Bəzi səbəblərdən 90-cı illərdə çoxlu albaniyalı Avropaya köçmüşdü. Mən yeni gələndə vəziyyət gərgin idi. Azarkeşlər inanmırdı biz Avropa çempionatına çıxarıq. Amma biz bunu bacardıq.




 
Bölməyə aid digər xəbərlər
17.05.2021
Tahir Gözəl: “Amma mən o gün də “Qarabağ”ımıza inanırdım“
16.05.2021
Ramin Musayev : “Çempionluq oyununa azarkeşlər buraxılmayacaq“
14.05.2021
Qurban Qurbanov: “ Ən ürəksiz qərarım idi“
14.05.2021
Aftandil Hacıyevin mətbuat konfransı
09.05.2021
Qurban Qurbanov: “Niyə düşünürlər ki, “Qarabağ“ zəifləyib?“

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info