Qurban Qurbanov: “Xeyr. Bu, elə də asan iş deyil“
"Demək istədiyim çox şey var, ancaq ehtiyac görmürəm. Qarşıda daha bir görüş olacaq. İstəməzdim ki, belə oyun, belə nəticə olsun. Düşünürəm ki, problemlərimiz həddən artıq çoxdur. Amma mənim çox da fikir bildirməyim düzgün olmaz. Yəqin ki, komandanın baş məşqçisi bu barədə danışacaq. Kənardan baxaraq, müdaxilə edə bilmərik. Sadəcə, problemlərin çox olduğunu gördüm".

Futbolmedia.az-ın məlumatına görə, bu sözləri millimizin yeni baş məşqçisi Qurban Qurbanov U-21 yığmamızın Avro-2019-un seçmə mərhələsində Almaniyaya 0:7 hesabı ilə uduzduğu oyundan sonra deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.

- Məlumdur ki, U-21 milli komandanın əsas oyunçusu bazasıdır. Bu komanda haqqında nə deyə bilərsiniz?

- Düz deyirsiniz, milli üçün baza rolunu oynayan komanda U-21 yığmasıdır. Amma bugünkü oyunla nə perspektiv gördüyümü, nə də ümumiyyətlə, hər hansı fikir söyləyə bilərəm.

- Matçın gedişində bir neçə dəfə protokola baxdığınız diqqətimizi çəkdi. Hələ bu yığma ilə tanış olmamısınız?

- Yox, niyə ki? Hər bir oyunçunu tanıyırdıq, adını da, nömrəsini də bilirdik. Sadəcə, bəzi məqamlar var idi ki, maraqlanırdıq. Təkcə öz oyunçularımız yox, rəqib komandanın futbolçuları üçün də protokola baxırdıq.

- Sizin milliyə baş məşqçi təyin olunmanızdan sonra milliyə legioner oyunçuların dəvət olunması dayanacaqmı?

- Mənim indiki halda nəsə deməyim düz olmaz. Dekabrın ortalarında mətbuat konfransı olacaq ki, orda bütün sualları cavablandıracam.

- Bu oyundan sonra yükünüzün ağır olduğunu hiss etdiniz?

- Mən bunu əvvəldən də bilirdim. Ona görə də daha istəkli olmalıyıq.

- Oyunu Elçin Rəhmanovla birgə izlədiniz. Gələcəkdə o, millinin baş məşqçisi ola bilər?

- Gəlin, bu barədə fikir bildirməyək. Rəhmanov hələ ki, mənim yanımdadır.

- Sizinlə birgə Adil Şükürovu da gördük. Demək olarmı ki, artıq gələcək iş planınız, ssenariniz hazırdır və vəzifələri bölüşdürmüsüz?

- Xeyr. Bu, elə də asan iş deyil. AFFA rəhbərliyi ilə oturub danışmalıyıq, müzakirə olmalıdır. Bu gün heç bir məşqçi bura mənə görə gəlməyib.

- Köməkçilərinizi müəyyənləşdirmisiniz?

- Bəzi adlar ətrafında danışmışıq. Müzakirələr gedir. Hələ dəqiq qərar verməmişik.

- Milli komandanın ayrıca mətbuat xidməti ştatının yaradılmasına münasibətiniz necədir?

- Düşünürəm ki, oyundan sonra ayaqüstü bu qədər danışmaq, detallı fikir bildirmək düzgün olmaz. Mətbuat konfransında hər şey barəsində danışarıq.

Xəbər 1300 dəfə oxundu.