Vüqar Nadirov:“Gələcəyi bilmək olmaz“
"Səbail"in hücumçusu Vüqar Nadirov Topaz Premyer Liqanın 11-ci turunda "Qəbələ"yə 1:3 hesablı məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolmedia.az-ın məlumatına görə, o, əvvəlcə oyun haqda fikirlərini açıqlayıb.

- Bura uduzmağa gəlməmişdik. Qələbə qazanmaq istəyirdik. "Qəbələ" bu gün bizdən elə də üstün oynamadı. Xal qazana bilərdik. İmkanlarımız oldu. Qismət, belə alındı. - Qola kimi komandanız pis təsir bağışlamadı. Hesab açıldıqdan sonra "Səbail" sanki "sındı"...

- Bizdə bir xəstəlik var, qoldan sonra komanda ruhdan düşür. Amma buna "sınmaq" deməzdim. Sadəcə, toparlana bilmirik. Əslində yeni komandayıq, çox da qınamaq olmaz. 3-4 ayın komandasıdı, vaxt vermək lazımdı.

- Növbəti turda "Kəpəz"lə qarşılaşacaqsınız. Həmin qarşılaşma haqda nə düşünürsən?

- Bizim əsas rəqiblərimiz "Kəpəz", "Keşlə" və "Sumqayıt"dır. Onlarla oyunlarda üstün oynamalıyıq ki, mövqeyimizi düzəldək. Çalışacağıq ki, həmin oyuna da yüksək səviyyədə hazırlaşacağıq.

- Maraqlıdır, sizi turnir cədvəlində hansı mövqe qane edir?

- Əsas odur ki, Premyer Liqada qalaq. Bizə demirlər ki, 4-cü, 5-ci yerə çıx. Başlıca hədəfimiz elitada qalmaqdır.

- Uzun müddət iddialı komandalarda çıxış etmisən. Bu mənada, "Səbail"də oynamağı karyeranda eniş hesab etmirsən?

- Yox. Həyat davam edir. Hər şey qabaqdadı. Gələcəyi bilmək olmaz. Peşəkar komandayıq. Gələcəkdə "Səbail"də yüksək yerlər uğrunda mübarizə apara bilər.

- Mövzunu dəyişək. Qurban Qurbanov milli komandaya baş məşqçi təyin olundu. Səncə, bu təyinat yığmaya necə təsir edəcək?

- Əvvəla Qurban Qurbanovu təbrik edirəm. 7 il onun rəhbərliyi altında oynamışam. Çox ciddi, tələbkar mütəxəssisdir. Əsas namizəd kimi onu görürdüm. Ona uğurlar arzu edirəm. İnanıram ki, gələcəkdə milli komanda ilə də uğurlu nəticələr əldə edəcək.

Xəbər 1180 dəfə oxundu.