Həvəskarlar futbolu və Bərdə komandasında hazırki durum (LAYİHƏ)
Картинки по запросу Media komitəsi loqo


AFFA yanında Media Komitəsinin xətti ilə Futbolmedia.Az saytı həvəskarlar futbolu ilə bağlı layihənin ilk yazısını təqdim edir. Qeyd edirik
ki, layihə AFFA Yanında Media Komitəsin tərəfindən maliyələşdirilir.


SSRİ dövrünü nəzərə alsaq, həvəskar və küçə futboluna çox üstünlük verilirdi. Çünki peşəkar futbolun yolu həvəskar futbolundan keçir. Tarixə nəzər salsaq, görərik ki, ölkənin ən tanınmış və ən güclü futbolçuları həvəskar komandalardan çıxıblar. Məsələn, Gəncə bölgəsindən Yunis Hüseynov, Mehman Allahverdiyev, Mingəçevirdən Ramiz Məmmədov, Zaur Tağızadə, Mehman Alışanov. Bu siyahıya bir çox məşhur veteran futbolçularımızın adlarını daxil etmək olar. Bir sözlə, siyahını uzatmaq olar. İstənilən həvəskar komanda və orada çıxış edən futbolçuların arzusu peşəkar karyera qurmaqdır. Lakin təəssüflər olsun ki, ölkəmizin həvəskar futbol komandalarla bağlı problemləri qabarıq şəkildədir. Bölgə futbolunun yavaş-yavaş süquta uğraması, həvəskar komandaların azalmasına gətirib çıxardır. Həm azalma, həm də keyfiyyət baxımından geriləmə var. Həvəskar futbol komandalarının başında maddiyyat və stadion problemləri durur. Acı reallıqdır ki, bölgələrimizdə olan stadionların durumu çox acınacaqlıdır. Hətta stadionların bir çoxu xarabalıqlara, uşaqların ehtiyaclarını ödəmək üçün bir məkana çevrilib. Həvəskar futboluna bundan ağır zərbə nə ola bilər ki? Bu gün bir çox bölgələr AFFA tərəfindən, ümumiyyətlə, diqqətdən kənar qalıb. Bu bölgələrdən biri də, Bərdədir. Hazırda Bərdənin adını daşıyan həvəskar komanda fəaliyyət göstərir. Lakin buna fəaliyyət göstərmək demək olarsa? Araşdırmamız zamanı məlum oldu ki, Bərdə həvəskarlar komandasının sponsoru və baş məşqçisi bir adamdır. Bu komandaya rəhbərlik edən Aqşin Qiyaslı adlı şəxsdir. Həvəskarlar futbolunun daxilində bir çox problemlərə və hazırki duruma aydınlıq gətirmək üçün A.Qiyaslı ilə əlaqə saxladıq. Həmsöhbətimiz Aqşin müəllimlə müsahibə zamanı bir çox problemlərin nədən qaynaqlandığını və hər şeyin göründüyü kimi olmadığını bildik. Müsahibəni sizə təqdim edirik.


Artıq neçə vaxtır ki, həvəskarlardan ibarət Bərdə klubunun baş məşqçisi postunda çalışırsınız...

Mən bu vəzifədə artıq ilyarımdır ki, çalışıram. Sadəcə, komandamızın lazımı sənədləri hazır olmadığından, turnirə qatıla bilməmişdik. Mən komandaya gəldikdən sonra hər şeyi sıfırdan qurdum.



Bəs komandaya sizi kim dəvət etdi? Ümumiyyətlə, Bərdə həvəskar komandasının başında duran rəhbər şəxs kimdir?

Bilirsiniz, Bərdə komandasını mən yaratmışam. Yəni, klubun rəhbəri və baş məşqçisi də özüməm. Ona görə də məni heç kim dəvət etməyib. Şəxsən özüm istədim ki, bölgəmizin adını daşıyan yaxşı həvəskar komandamız olsun. Belə bir komanda yaratmaq mənim çoxdankı arzum idi. Neçə illərdir bu yöndə çalışmışam. Çox şükür ki, istəyimizə çatmışıq. Əlimizdən gələni edirik ki, bölgəmizi layiqincə təmsil edək. İstəyimin əsas səbəblərindən biri də odur ki, bölgələrdə həvəskar komandaların sayı çox olsun. Düzdür, istərdim ki, Bərdənin peşəkar komandası olsun. Çünki hara baxırsan, həm həvəskar, həm də peşəkar klubların çoxu paytaxt komandalarıdır.

Картинки по запросу həvəskarlar liqası

Bilirsiniz ki, peşəkar karyeraya yüksəlişin yolu küçə futbolu və həvəskarlar futbolundan keçir. Bərdə adlı həvəskar komanda yaratmaqda sırf olaraq məqsədiniz nə idi?

Əsas məqsədimiz gənc, diqqətdən kənarda qalan istedadlı uşaqları ortalığa çıxarmaqdır. Kimin adamı, yiyəsi, imkanı olmursa, itib-batır. Baxın, bölgələrdə sayı-hesabı bilinməyən istedadlı gənc futbolçular var. Lakin onların maddi imkanları, futbol camiəsində adamları olmadığı üçün elə istedadını küçə futbolunda xərcləyir. Həvəskar komandalar yaradıb turnirlərdə iştirak etmək, lazımı şəxslərin diqqətini çəkməkdir. Şükürlər olsun ki, komanda yarada bildik. Əlbəttə, çətinliklə bu işin öhtəsindən gəldik. Mən keçən il həvəskar “Livan” komandasında baş məşqçi işləmişəm. işlədiyim müddət ərzində iki həvəskar futbolçunu AZAL peşəkar komandasına göndərdim. Həmin zaman AZAL komandası Premyer Liqada çıxış edirdi. Bu futbolçular öz yerlərini tutmağı bacardılar.

Bu futbolçuların hazırki durumu nə yerdədir?

AZAL komandası dağıldığı üçün bu uşaqlar da oradan ayrılmaq məcburiyyətində qaldılar. Lakin həvəskarlardan ibarət komandalarda istedadlı uşaqlar daha çoxdur. Yəni, bir az diqqətli, bir qədər çalışqan olmaq lazımdır ki, bu gənclərin istedadları itib-batmasın. Ən azından idman mətbuatı belə şeylərə daha çox diqqət ayırmalıdır. Çünki mətbuatın bu uşaqları tapıb, üzə çıxmasında, peşəkar karyeraya doğru addımlamasında çox böyük xidmətləri olur. Yeni istedadların üzə çıxmasında əvəzsiz xidmətləri olur.

Bir həvəskar komandanı saxlamaq üçün ay ərzində nə qədər pul lazım olur?

Kiçik biznesim var. Onun gücünə bu komandanı ayaqda saxlayıram. Bir həvəskar komandanı saxlamaq üçün ən azı 700-1000 manat arası tələb olunur. Yəni, bir ay ərzində 1000 manata qədər xərc çıxır. Bura məşq üçün lazımı avadanlıqlar, stadion pulları, top, forma, tərliklər, su və başqa avadanlıqlar aiddir.

Komandanızda yer alan futbolçuların ən az və ən yuxarı yaşları neçədir?

Ən az yaşlı futbolçumuzun 17 yaşı var. Ən yuxarısı isə 33 yaş. Yuxarı yaşlı futbolçularımız çox istedadlı futbolçulardır. Onların gənc vaxtlarında daha gözəl futbol nümayiş etdirdiyini bir çox bölgələr bilir. Lakin adamları olmadığı, rayonda qaldıqları üçün istedadları itib-batdı. Hazırki bölgə futbolunun acı durumu və reallığı budur. Mən bu futbolçuları Zərdab, Gəncə, Bərdə kimi bölgələrdən tapıb gətirmişəm.

Komandanıza futbolçular cəlb edən zaman hansı kateqoriyalara üstünlük verirsiniz? Yəni, seleksiya zamanı fiziki, texniki, yaş, hansına üstünlük verilir?

Əlbəttə, yaş məsələsinə fikir verilir. Lakin yaşı çox və güclü futbolçuları da komandaya cəlb edirik. İlk növbədə yaş və texnikaya üstünlük verilir. Mənə bu işdə köməkçim dəstək olur. Daha çox gənc istedadlarla çalışıb, onları üzə çıxartmağa çalışırıq.

AFFA-nın həvəskar komandalara futbolun inkişafı naminə nə kimi dəstəyi olur?

AFFA-nın heç bir köməkliyi olmur. Bircə hakimlər oyunlarımızı idarə etmələri üçün göndərilir. Başqa maddi, hər hansı bir ləvazımatlar və stadionlar baxımından kömək edilmir.

Bəs, Həvəskar Futbol Federasiyasının sizlərə nə kimi köməkliyi dəyir? Ümumiyyətlə, komandalara nəzarət edirlərmi, oyunlarınıza baxırlarmı, nəsə əyri-əskik olan zaman az da olsa, dəstəkləri olurmu?

Oyunlarımıza gəlib nümayəndələri baxırlar. Çalışırlar ki, nəzarətdə saxlasınlar. Bir çox məsələlərdə köməklik göstərirlər. Məsələn, bu il çempion olacaq komandanı xarici ölkəyə göndərəcəklər. Bir çox həvəsləndirici işlər görürlər.

Həvəskarlar liqasının təşkilatçılığı hansı səviyyədədir? Bir baş məşqçi və komanda rəhbəri olaraq təşkilatçılıqdan razı qalırsınızmı? Oyunlarınızı keçirmək üçün stadionlarla təmin edilirsinizmi, turnirlər zamanı qarışıqlıq olurmu?

Açığı, stadionlarla bağlı problemlərimiz çox olur. Elə turnirlər zamanı qarışıqlıq olur. Aləm bir-birinə dəyir. Hazırda Qaraçuxurda “Rəvan”ın bazasında oynayırıq. İnanın, bir çox həvəskar komandalar oynamaq, turnirlərdə iştirak etmək üçün stadion tapa bilmir. Həm maddi baxımdan, həm stadion baxımından vəziyyət ürəkaçan deyil. Çox istərdik ki, AFFA həvəskar komandaları heç olmasa, stadionlarla təmin etsin. Həvəskar komandaların turnirində bir çox komandalar turnirlərə qatıla bilmir. Yəni, oyunlar təxirə düşür. Belə hallar çox olur.

Etiraf edirsinizmi tək komandaya sponsorluq etmək çox çətin olur. İstərdinizmi sizə bu işdə şərik olsunlar, yaxud, sizə hər hansı bir şirkətlərdən təkliflər olubmu?

Düzünü deyim , iki şirkət bizə sponsorluq etməyi təklif etdi. Lakin sonda razılaşmadıq. Və beləcə iş birliyimiz alınmadı.

Niyə? Razılaşmamağınızın əsas səbəbi nə oldu?

Açığını deyim ki, biri İran şirkəti idi. Yəni, onlar bizə necə lazımdırsa, maddi yardım etməyi üzərlərinə götürdülər. Lakin bir əmma vardı. Biz razılaşsaq da qaydalar buna izin vermədi. Onlar istəyirdilər ki, şirkətin adı, bütün yazılar, fars dilində olsun. Yəni, İran yazıları ilə yazılsın. Biz də bunu qəbul etmədik. Çünki AFFA buna izin vermir. Sabirabad həvəskar komandası belə etdiyi üçün yarışlardan kənarlaşdırılmışdı. Digər bir şirkət isə bizdən mənfəət götürmək istəyirdi. Yəni, gəlir əldə etmək istəyirdi. Nəsə onunla razılaşa bilmədik.

Sizcə, hazırki durumda həvəskar komandalardan gəlir götürmək mümkündürmü?

Hazırki zamanda bu, mümkün deyil. Yəni, heç bir reallıq yoxdur.

Bəs, başqa bölgələrdə eşitməmisiniz ki, həvəskar komandaların oyununu izləmək üçün azarkeşlər hətta pul verib bilet alırlar?

Bəli, işlər yaxşı gedəndən sonra bunlar həyata keçə bilər. Hazırki durumda problemlər həddindən artıq çoxdur. Mən özüm şahidi olmuşam ki, həvəskar komandaların oyununa baxmaq üçün Ağdaş camahatı cibindən pul verib bilet alır. Ağdaşın eyni adlı həvəskar komandası vardı. Yerli sakinlər ciblərindən bir manat ödəyib bilet alırdılar. Təsəvvür edirsiniz, heç Premyer Liqanın oyununu izləmək üçün neçə min azarkeş gəlmir. Bütün bunlar hamısı bir reallıqdır. Bölgələrdə həvəskar futbolun inkişafına təkan vermək lazımdır.

Bərdə həvəskar komandasının sponsoru və baş məşqçisi olaraq, nəyi arzu edərdiniz? Yəni, həvəskar komandalar üçün nə arzu edərdiniz?

İlk növbədə Bərdənin həvəskar komandası olaraq, öz bölgəmizin stadionunda oynamaq istərdik. İstərdik ki, turnirlər zamanı oyunlarımız bu stadionda olsun. İnanın mənə, Bərdə şəhər stadionu on min tamaşaçı tutur. Lakin stadionun hazırki durumu ürək ağrıdır. Soyunub-geyinmə otağı, duş qəbul etmək üçün kobinələri, yararsız vəziyyətdədir. Təsəvvür edin, biz yoxlama oyunu keçirən zaman stadiona 450-500 nəfərə yaxın azarkeş gəlir. Bir yoldaşlıq görüşü zmanı oyunumuzu 2-3 minə yaxın azarkeş izləyir. Görün, rəsmi turnirlərdə, digər bölgə komandaları ilə oyunda neçə min nəfər azarkeş gələr. Arzum budur ki, Bərdə şəhər stadionunu təmir etsinlər. Ot örtüyündə bir təhər oynayırıq. Heç olmasa soyunub geyinmə otağını, duş kabinələrini təmir etsinlər. Bölgələrdə futbolu çox sevirlər. Əgər bölgə futbolu uçuruma gedirsə, Azərbaycan futbolu məhvə doğru gedir. Adi məşqlərimizi stadiona gələn yüzlərlə azarkeş böyük həvəslə izləyir. Daha bundan artıq azarkeşlər nə etməlidir? Çox çətin durumdayıq. Hələ ki, bacardığım qədər komanda üçün nəsə edirəm. Lakin bilmirəm ki, hara qədər olacaq...

Düşünürük ki, Bərdə komandasından da pis durumda olan həvəskar komandalar var. Bu, problemin görünən tərəfidir. Hələ görünməyən və üzə çıxmayan problemləri və onların nədən qaynaqlandıqlarını araşdırmaq üçün yolumuza davam edəcəyik. Layihəmizin növbəti icrasında digər bölgələrdə həvəskar komandaların hazırki durumunu analiz edəcəyik. Onların fəaliyyətini, konkret hansı durumda olduqlarını, nə kimi çətinliklərlə üz-üzə qaldıqlarını araşdıracağıq. Eyni zamanda, Həvəskar Futbol Federasiyasının rəhbər şəxslərin fikirlərini öyrənəcəyik. Bundan başqa, həvəskar komandalarda gənc istedadların üzə çıxmasında yardımçı olmağa çalışacağıq.

Əli HƏYATİ

Xəbər 908 dəfə oxundu.