
Bu gün Səbail rayon Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı cinayət işi çərcivəsində həbs edilən futbolçu Cavid Hüseynovun məhkəmə prosesi başlayıb.
Futbolmedia.az-ın məlumatına görə, məhkəmə zalına heç bir jurnalist buraxılmayıb. Məhkəmə rəsmisi bildirib ki, hakim prosesə jurnalistləri buraxmır.
Cavid Hüseynovun vəkili Adəm Məmmədov prosesdə vəsatətlə çıxış edib. Vəsatətlərdən biri C.Hüseynovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi və ev dustaqlığı ilə əvəzlənməsi, digəri isə onun barəsində açılmış cinayət işinə Ağır Cinayətlər Məhkəməsindəki iş yekunlaşdıqdan sonra baxılması barədə olub. Hakim vəsatətlərin heç birini təmin etməyib. İş məhkəmə baxışına verilib.
Vəkil Adəm Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, tərəf olaraq Cavid Hüseynov da, valideynləri jurnalistlərin məhkəməyə buraxılmasını istəyir: “Onlar da prosesin ictimaiyyət nümayəndələri tərəfindən izlənməsini istəyirlər ki, işin yekunu ilə bağlı heç kimdə şübhə olmasın".
Növbəti proses fevralın 10-a təyin edilib.
Qeyd edək ki, C.Hüseynovun adı jurnalist Rasim Əliyevin ölüm işində keçir.
|