Adaş, belə olmaz axı... (YAZI)
Tarix: 19.04.2013 | Saat: 13:41:00 | Oxunub: 50 | E-mail | Çapa göndər
Anar Xanlarov |

Eee deyirəm hər şeyin tamam ağı çıxıb e. Antalya, 5 ulduzlu otellər, lüks şərait, əla hazırlıq, güclü komandalarının oyununu idarə etmək, hamısı sadəcə, xoş bir xatirə kimi xatırlamaq üçündür. Bunların heç birinin azərbaycanlı futbol hakimlərinə iş baxımından faydası toxunmur.

Əslində bəlkə də toxunur, amma onlar bunu göstərmirlər, və ya göstərə bilmirlər. Cari mövsümün ikinci hissəsində baş alıb gedən hakim biabırçılıqlarını görəndən sonra anladım ki, bundan sonra xərc çəkib hakimləri Sloveniyaya, Antalyaya aparıb böyük vəsaitləri havaya sovurmaq lazım deyil. Antalyadan əvvəl daxildəki düşüncəni, yanaşmanı dəyişmək lazımdır. Əgər bir hakim ki, sifarişlə hakimlik edəcək, xərc çəkib ona xaricdə hazırlıq keçmək lazım deyil, elə burda, Azərbaycanda da toplanış keçə bilər.

Həftəiçi Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk qarşılaşmaları keçirildi. “Bakı” “Xəzər Lənkəran”ı, “Neftçi” isə “Qarabağ”ı qəbul etdi. Hər iki oyunda meydança sahibləri minimal hesabla qalib gəldi, hər iki oyunda qonaqların qapısına penalti təyin olundu. Sonradan məlum oldu ki, Vüsal Əliyev “Xəzər Lənkəram”ın qapısına təmiz penalti təyin edibsə, Anar Salmanovun “Qarabağ”ın qapısına təyin etdiyi penaltinin penalti ilə heç “körpü qohumluğu” da yoxdur. Burada müxtəlif versiyalar hallanır. Bəziləri bunu PFL-in sifarişi, bəziləri isə “Neftçi”nin xofu kimi qəbul edir. Bəziləri də bu qərarı Anar Salmanovun qardaşının “Neftçi”də işləməsi ilə əlaqələndirir.

Bunların heç birinin mənə dəxli yoxdur. Mənim üçün meyar olan odur ki, adaşım olan FİFA referisi adına, tituluna yaraşmayan bir səhvə yol verib. Özü də biabırçı bir səhvə. Bu səhv bilərəkdən, ya təsadüfdən olub, buna bir qədər sonra toxunacam.Ancaq heç təkrara baxmadan da aşkar şəkildə görünür ki, Flavinyo artist kimi özünü yerə atır. Bunu görmək üçün nəinki FİFA referisi, yaxud adi region hakimi, elə sıravi azarkeş də olmaz kifayət edir. Elə isə niyə Salmanov bu qərarı verir? Niyə “Qarabağ”ın haqqını tapdalayırsan adaş, belə olmaz axı. Sən bu gün nəyinsə xatirinə o penaltini verirsən, amma sabah həmin qərar sənin beynəlxalq arenadakı nüfuzuna da böyük zərbə vuracaq. Bu qərarı görən UEFA sənə necə etimad göstərsin? Yoxsa, artıq beynəlxalq karyera sənin üçün önəmsizdir? Söhbət penaltini kimin qapısına verilməsindən getmir. O penalti “Neftçi”nin qapısına verilsə idi, mən yenə eyni sözü deyəcəkdim.

İndi gəlim bilərək, yoxsa təsadüf söhbətinə. Adaşım inicməsin, amma mən adım qədər əminəm ki, həmin gülünc penalti bilərəkdən verilib. Əslində mənim bu cür düşünməyim Anar Salmanova hörmətimdən irəli gəlir. Bu referi ilə münasibətimiz çox yaxşıdır. Özü də həmişə deyir ki, adaş səhvim varsa, bunu denən, mən haqlı tənqiddən incimirəm. Ona görə də mən də haqlı bildiyimi deyirəm adaş. Əgər mən o səhvin təsadüf olduğunu düşünsəm, deməli FİFA referisi kimi sənin səviyyəni də şübhə altına almış oluram. Çünki FİFA referisi o cür səhv etməz. Ancaq bilərəkdən səhv kimi qəbul etməklə demək istəyirəm ki, Flavinyo, sən 100 dəfə də elə yıxılsan Salmanovu aldada bilməzsən və aldatdığını da düşünmə. O, sənin necə “simulyant” olduğunu gözəl bilir. Sadəcə, bu gün nəyinsə xatirinə o penaıtini verməyə məcburdu.

Sonda üzümü AFFA Hakimlər Komitsinin sədri Xaqani Məmmədova tuturam. Hansı ki, 1 aydır telefon zənglərimizə cavab vermir. Bu söhbətlərin yaranmasının başında siz durursunuz. Bunu milyon dəfə demişik ki, bu hakimin qardaşı “Neftçi”də işləyirsə, o, obyektiv hakimlik edə bilməz. Ancaq yenə üzünüzün tərs tərəfinə salıb bu təyinatı verirsiniz. Bilirəm, deyəcəksiniz ki, mən kiməm ki, təyinat verəm, təyinatı verən verir. O zaman... Nə isə. Gerisini görüşəndə danışarıq, bura yeri deyil.


Anar XANLAROV




 
Müəllifin son yazıları

22.04.2014 Qovun, bu xəyanətkarı “Neftçi“dən! - YAZI
21.06.2013 Foqts, bu nömrəni bilirik, başqa nömrə fikirləş
10.04.2013 Utanmasan, təyyarə istəməyə nə var ki (YAZI)

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info