Utanmasan, təyyarə istəməyə nə var ki (YAZI)
Tarix: 10.04.2013 | Saat: 17:46:00 | Oxunub: 52 | E-mail | Çapa göndər
Anar Xanlarov |

Berti Foqtsun “Bild”ə dedikləri ilə tanış oldum. Bizim yerli mətbuatdan qaçaq düşən qoca almanımız öz həmyerlilərinə deyib ki, guya, onları Lüksemburqdan gətirən təyyarə köhnə, salonu isə darısqal olub. Məhz buna görə də futbolçular havada rahat dincələ bilməyiblər. Foqts bir yana, futbolçular özləri də mətbuata açıqlamalarında dolayısı ilə narazılıqlarını bildiriblər.

Qısaca onu deyim ki, millini Lüksemburqdan Bakıya gətirən Rusiya istehsalı “Tu-134” artıq istehsalçılar tərəfindən də tam zəmanətli hesab olunmur. Hətta ruslar özləri istismar müddəti keçmiş bu təyyarələri dövriyyədən çıxardırlar. Bu mənada milli üçün bu cür təyyarənin ayrılması təəssüf və təəccüb doğurur. Hətta bu, Azərbaycanın millisi olsa belə. Çünki futbolçu olmasalar da, ən azından insandılar və bu qədər insanın həyatını təhlükəyə atmaq yolverilməzdi. Mənə acınacaqlı gələn, bilirsiz, nədir? Foqts və futbolçular təyyarənin köhnəliyini, nasaz olma ehtimalını yox, darısqallığını önə çəkiblər. Sən demə məhz bu səbəbdən yerlərində rahat dincələ bilməyiblər və hətta bəziləri döşəmədə uzanıb. Bundan narazısız? Haqqınız var? Mən deyirəm, yoxdu.

Birincisi, lüks şəraiti ona layiq oyun göstərən millinin futbolçusu tələb edər. Milyonların qarşılığında FİFA reytinqində 149-cu yerdə gedən Lüksemburqu uda bilməyən millinin futbolçularına hələ Tu-134-ün salonu da çoxdu. Sizi gərək “qruzavoy” təyyarədə gətirəydilər.
İkincisi, mən başa düşmürəm, nə dincəlmək? Yenə oyuna getsəz, deyərdim ki, hə, oyuna gedirlər, dincəlməlidilər. O cür utancverici oyun oynayıb geri dönürsüz, hələ üzünüz də var lüks şəraitdə dincəlməyə? Sizin gərək danışmağa diliniz olmaya e! Ardıcıl 30 oyundu qapısında qol görən komanda məhz sizinlə oyunda qapısını toxunulmaz saxlaya bildi. Üçüncüsü, Lüksemburqdan Bakıya məsafə 3-4 saatlıqdı. 3-4 saat yatmayın da, dünya dağılar?

Xəbəriniz var ki, nə qədər yurdundan-yuvasından məcburi köçkün düşmüş insanlarımız 1 otaqlı, darısqal yataqxanalarda hansı şəraitdə yaşayırlar? Hələ vaqonlarda daha ağır şəraitdə yaşayan həmvətənlərimiz. Artıqsız? Siz həm də onların adını, şərəfini qoruyursuz. Bunu layiqincə edirsiz ki, onların rahatlığından artıq rahatlıq tələb edirsiz? Canınız çıxsın, 3-4 saat bir azca narahat olun, onda başa düşəcəksiz ki, necə çətin durumda olub, daim sizə azarkeşlik edən insanlar var. Ayıbdı e, ayıbdı! Rəzalətli heç-heçəyə görə 8000 manatı “endiraqandi cibə eləmisiz”, hələ utanmaz-utanmaz lüks təyyarə istəyirsiz. Bu yerdə ataların bir sözünə inpravizasiya etmək yerinə düşər: utanmasan, təyyarə istəməyə nə var!

Foqts görə, futbolçular klublarda layiq olduqlarından qat-qat artıq pul alır və buna görə də harınlayıblar. O, onların əməkhaqlarının azaldılmasını tələb edir. Maraqlıdı ki, həmin Foqts həmin futbolçuların Lüksemburq üzərindəki məğlubiyyətə bərabər heç-heçəyə görə AFFA tərəfindən mükafatlandırılmasına qarşı çıxmadı. Axı çıxsa, öz cibi də boş qalacaq. Bu bir daha sübut edir ki, Foqts bura Azərbaycan futbolunu qaldırmağa yox, cibini doldurmağa gəlib.


Anar XANLAROV




 
Müəllifin son yazıları

22.04.2014 Qovun, bu xəyanətkarı “Neftçi“dən! - YAZI
21.06.2013 Foqts, bu nömrəni bilirik, başqa nömrə fikirləş
19.04.2013 Adaş, belə olmaz axı... (YAZI)

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info