Futbolumuzun 4 mənəvi problemi (YAZI)
Tarix: 10.04.2013 | Saat: 17:28:00 | Oxunub: 64 | E-mail | Çapa göndər
Günay MƏMMƏDOVA |

Azərbaycanda futbolun zəif olduğunu hamımız qəbul edirik. Qəbul etməyə məcburuq da. Çünki biz inkar etsək də belə, faktlar, FİFA-nın reytinq sıralamasındakı mövqeyimiz hər şeyi sübut edir.

Təbii ki, mənim futbola baxışım tamam fərqlidir. Ən azından xanımın futbola baxışı müəyyən mənada fərqlənir və özünəməxsus olur. Bu, mənim futbol sahəsində yazdığım ilk yazımdır. Düşündüm ki, futbolla az da olsa maraqlanan, Azərbaycan futbolunun, millimizin, klublarımızın böyük uğurlarını arzulayan biri kimi bu məsələdə mövqeyimi ortaya qoyum.

Azərbaycanda futbol niyə bu gündədir? Səbəblərini öz subyektiv fikirlərimlə sizə çatdırmağa çalışacam.

Mənə görə, Azərbaycanda futbolun zəif və istənilən səviyyədə uğurlu olmamasının bəzi görünən və görünməyən tərəfləri var. Məhz bu aspektdən düşünərək, deyə bilərəm ki, ilk növbədə diqqət ayırmamız gərəkən məqam işin təşkilinin düzgün qurulmamasıdır. Yəni, kollektiv olaraq, iş düzgün qurulmur.

Burada maddi məsələni qabartmağın yeri yoxdur, çünki hazırda futbolumuza kifayət qədər maliyyə yatırılır. Maliyyə dəstəyinin kifayət qədər olduğunu nəzərə alsaq, deməli, problem məsələnin maddi yox, mənəvi tərəfindədir. Ümumiyyətlə, oturub düşündüm və futbolumuzdakı problemləri 4 hissəyə böldüm. Əslində problem daha çoxdur. Sadəcə, mən daha vacib hesab etdiyim 4-nə toxunacam.

1. Futbolumuzun bu günə qədər zəif durumda olmasının bir səbəbini beynəlxalq təcrübənin qıtlığı ilə bağlayıram. Yəni, bizim klublarımız və futbolçularımız Avropanən aparıcı futbol ölkələrinin klubları və futbolçuları ilə müqayisədə yetərincə beynəlxalq oyun praktikasına, təcrübəsinə malik deyillər ki, bu çatışmamazlıq da beynəlxalq oyunlarda müşahidə olunur.

2. Futbolumuzun ən problemli yerlərindən biri də psixoloji hazırlıqdır. Yəni, futbolçularımızın psixoloji cəhətdən tam olaraq, qələbəyə köklənməsində əksikliklər var.

3. Futbolda tək istəklə, arzu ilə iş bitmir. Bu istəyi, arzunu reallaşdırmaq və qələbəyə çatmaq üçün çox gərgin çalışmalar lazımdır. Burada tək fiziki-taktiki hazırlıqdan söhbət getmir. Futbolda çalışan insanlar da daim axtarışda olmalı, dünya futbolu ilə ayaqlaşmalıdır.

4. Daha bir problem isə ondan ibarətdir ki, bəzi futbolçularımız onsuz da pisdən-yaxşıdan oynayıb ad çıxardıblar və məhz buna görə də artıq öz üzərlərində işləyib qabağa getmək haqda düşünmürlər. Ola bilər ki, müəyyən futbol biliyinə bələddilər və Azərbaycanda öndə gedənlərdən sayılırlar. Ancaq qətiyyən bununla kifayətlənməməli, daim yeni axtarışlar edib öz oyun keyfiyyətlərini daha da artırmalıdırlar.

Baxmayaraq ki, xarici ölkələrdən əcnəbi futbolçuları Azərbaycana dəvət edirik. İstər məşqçilər, istərsə də futbolçular. Amma yenə də nəticə eyni olaraq qalır. Həm də mən düşünürəm ki, lap dünya səviyyəli futbolçunu bura dəvət etsək də belə, bu, çıxış yolu deyil. Əsas olan odur ki, bizim yerli gənc futbolçu həmin əcnəbidən nə isə öyrənməkdə maraqlı olacaq, ya yox. Gördüyünüz kimi, yalnız bahalı, xarici transferlərlə iş bitmir. Bizimkilərin özünün içində istək də olmalıdır. Bu istək olmasa, heç bir futbolçumuz da qabağa gedə bilməyəcək.


Günay MƏMMƏDOVA




 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info