Aftandil Hacıyev: “İndiyədək belə ağrılar keçirməmişdim“ - MÜSAHİBƏ
Tarix: 05.01.2021 | Saat: 10:11:00 | Oxunub: 833 | E-mail | Çapa göndər

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev klubun Mətbuat xidmətinin suallarını cavablandırıb.

Futbolmedia.az
həmin müsahibəni təqdim edir...

- "COVID-19"a yoluxduğunuzu göstərən ilk əlamətlər nələr idi? Sağalma prosesi necə keçdi?

- Öncədən koronavirusun bu qədər ciddi olduğunu təsəvvür etmirdim. İlk olaraq, başımda və kürək nahiyəmdə ağrılar hiss edirdim. Hansı ki, indiyədək belə ağrılar keçirməmişdim. Qrip deyildim, öskürmürdüm, sadəcə, taqətdən salan ümumi halsızlıq var idi. Həkimlərin nəzarəti ilə evdə müalicə almağa başladım. Sağaldıqdan sonra bədən güc itirdiyinə görə ilk həftədə ehtiyatlı olmağı tövsiyyə etdilər.

- Məşqlərdən və oyunlardan kənar qalmaq hansı təəssüratlar yaratdı?

- Həm futbolçu, həm məşqçi kimi uzun müddətdir bu işlə məşğulam. Futbol bizim peşəmizdir. Ən sevdiyimiz məşğuliyyət olduğuna görə uzaq qalanda darıxmamaq mümkün deyil. İşimdən kənar qalmışdım deyə sıxılırdım. Amma sağlığıma görə dözməyə məcbur idim. Hamıya sağlamlığını qorumağı tövsiyyə edirəm.

- İki oyunda texniki zonada olmadınız. Matçlarda virtual iştirak etmək necə idi?

- İlk dəfədir virtual olaraq, məşq və oyunlarda iştirak edirdim. Əvvəlcə qeyd edim ki, köməkçilərimə güvənirəm. Bilirdim ki, komandanın oyunlara məsuliyyətlə yanaşmasına yardım edəcəklər. “Keşlə” - “Səbail” oyununda bunun şahidi olduq. Köməkçi məşqçilərə və futbolçulara təşəkkür edirəm. İlk dəfə idi, planşetlə oyun izləyib, tapşırıqlar verirdim. “Qəbələ” ilə oyunda isə iki fərqli hissə izlədik. İkinci yarıda rəqib qapısında kifayət qədər qol epizodu yarada bildik. Sadəcə olaraq, sonluğu gətirə bilmədik. Son anlara qədər cəhd etsək də, rəqib layiqli qələbə qazandı.

- “Səbail”in qış fasiləsindəki hazırlıq planı nədən ibarətdir?

- Yanvarın 4-dən məşqlərə başladıq. Legionerlər isə yanvarın 8-dək ardıcıllıqla hazırlığa qoşulacaqlar. Bir həftəlik toplanışımız olacaq. Toplanışa qədər olan məşqlərimiz daha çox fiziki hazırlıq üzərində qurulub. Toplanış ərəfəsində isə həm fiziki, həm taktiki məşqlər olacaq. Hazırlıq prosesinin sonunda isə “Sabah”la yoldaşlıq oyunu baş tutacaq. Bu gündən etibarən, yanvarın 21-də keçiriləcək “Neftçi” ilə matçın hazırlığına start vermişik.

- Qış fasiləsindəki dəyişiklikdən sonra komandada hansı mövqeni gücləndirmək istəyirsiniz?

- Komandamızda yollarımızı ayırdığımız futbolçular var. Düşünürəm ki, heç bir futbolçu meydanda az oynamaq istəməz. Belə qərara gəldik ki, daha çox oynayacaqları komandaya getsələr, yaxşı olar. Gedənlərin yerinə isə ən azı üç futbolçu heyətimizə cəlb etməyi düşünürük. Say olsun deyə yox, rəqabəti sevən və şərtlərimizə uyğun futbolçu transfer edəcəyik. Bilirik ki, vaxt çox azdır. Əgər istədiyimiz alınmasa, hazırkı komanda ilə yolumuza davam edəcəyik. Hazırda bir müdafiəçi, bir yarımmüdafiəçi, bir hücuma meyilli futbolçu axtarışındayıq.

- Mövsümün 2-ci hissəsində komandanın məqsədi nə olacaq?

- Məqsədimiz mübarizəmizi sona qədər davam etdirməkdir. İki klubu çıxmaq şərti ilə, geridə qalan 6 komanda da avrokuboklara vəsiqə üçün çıxış edir. Hər kəs kimi biz də mübarizəmizə davam edəcəyik. Mayda yüksək pillədə yer alaraq, istədiyimiz nəticəni qazanmaq istəyirik.




 
Bölməyə aid digər xəbərlər
22.04.2021
“Sumqyıt“ın futbolçusu Elvin Bədəlov: “Bizim futbolçuları vururlar, biz də vururuq“
11.04.2021
Qurban Qurbanov: “Ümumilikdə çox səs-küy olmağı xoşlamıram“
09.04.2021
Rövşən Hüseynlinin : “Onlar da bundan istifadə etdilər“
04.04.2021
Qurban Qurbanov: “Çempionatın səviyyəsindən razı deyiləm“
30.03.2021
De Byazi : “Yaxşı sualdır, hətta gülmək istəyirəm“

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info