Belarusun paytaxtı Minsk şəhərində II Avropa Oyunları davam edir.
Futbolmedia.az xəbər verir ki, bu gün karateçilər mübarizəyə qoşulub.
84 kq çəki dərəcəsindəki Asiman Qurbanlı əvvəlcə hollandiyalı Tirol Darnel Lardini məğlub edib - 2:0. Qurbanlı ikinci qarşılaşmasında Almaniya təmsilçisi Conatan Horne ilə heç-heçə (0:0) edib. O, üçüncü dueldə türkiyəli Alparslan Yamanoğlunu məğlub edərək (1:0) yarımfinala yüksəlib.
Kata növündə Türkiyə, İtaliya və Andorra idmançısı ilə yarışda 24.63 xal toplayan Roman Heydərov 3-cü yeri tutaraq, növbəti mərhələyə adlayıb. Onun bu mərhələdəki xalı (25.40) finala vəsiqə üçün yetərli olmayıb. Heydərov bürünc medal uğrunda almaniyalı İlya Smorqunerlə yarışıb. 25.46 xal toplayan karateçimiz rəqibini üstələyərək, bürünc medala sahib çıxıb.
Qadınların yarışında İrina Zaretskanın (68) rəqibləri Silviya Semeraro (İtaliya), Alize Aqier (Fransa) və Miroslava Kopunova (Slovakiya) olub. İtaliyalı ilə bərabərə qalan (0:0) təmsilçimiz digər iki rəqibinə müvafiq olaraq 7:2 və 6:0 hesab ilə qalib gəlib və qrup birincisi kimi yarımfinala yüksəlib. Final yolundakı son rəqib ukraynalı Halina Melnik olacaq.
|