17 ildən sonrakı qayıdış: “Səhliyalı”ya kömək lazımdır (LAYİHƏ)
Tarix: 26.12.2017 | Saat: 11:03:00 | Oxunub: 831 | E-mail | Çapa göndər
Картинки по запросу Media komitəsi loqo


AFFA yanında Media Komitəsinin xətti ilə Futbolmedia.az saytı olaraq həvəskarlar futbolu ilə bağlı layihəmiz çərçivəsində dekabr ayı üçün 4-cü yazımızı təqdim edirik.


17 ildən sonrakı qayıdış: “Səhliyalı”ya kömək lazımdır


Futbolmedia.az saytı həvəskarlar futbolundan bəhs edən layihəsi çərçivəsində növbəti yazısını sizə təqdim edir. Bu dəfəki yazımız Şabran futboluna və bu rayonun hazırda “Region Liqası”nda yarışan “Səhliyalı” komandasına həsr olunur. Şabran futbol rayonu hesab olunmur. Baxmayaraq ki, bu rayon millimizin qapıçısı Kamran Ağayevin doğulduğu məkandır. Ağayev elə futbolla da bu rayonda məşğul olmağa başlayıb. Sonra İslam Kərimov onu görərək Bakıya dəvət edib və bununla da qapıçının yüksəlişi başlayıb. Amma rayon olaraq Şabranda heç vaxt yüksək səviyyəli komanda olmayıb. Müstəqillik dönəmində heç vaxt yüksək liqada təmsil olunmayıb. Rayonun ən məşhur komandası “Bərəkət” olub ki, bu komanda da ən yaxşı halda I Dəstədə çıxış edib. “Bərəkət” 1996-cı ildə yaranıb. Elə yaradıldığı ilk ildəcə belə qərara alınıb I Dəstədə oynasın. Komandanın baş məşqçisi də Kamran Ağayevin atası olub. Onu da deyək ki, o vaxtlar rayonda futbola da böyük maraq var idi. Məsələn, 1996-97-ci il mövsümü I Dəstədə “Bərəkət”in ev oyunlarına xeyli azarkeş gələrdi. Əksər oyunlarda tamaşaçı sayı 2-3 min nəfər olurdu. Halbuki rayon stadionunun tutumu 2 min nəfərdi. Ona görə də insanlar çox vaxt oyunu ya ayaq üstə, ya da hasarların üstünə çıxmaqla izləyiblər. Təbii ki, burada komandanın iddialı olması da öz rolunu oynayıb. Çünki 1996-97-ci il mövsümündə “Bərəkət” Güclülər dəstəsinə vəsiqə uğurunda mübarizə aparırdı. Reqlament elə idi ilk mərhələdə zonalar üzrə yüksək yer tutan komandalar sonda “altllıq” mərhələsində mübarizə aparıb ən güclü iki komandanı müəyyənləşdirməli idi.



“Bərəkət” də zona yarışlarında uğurlu çıxış edərək final mərhələyə vəsiqə qazanmışdı. Lakin “altılıq”da layiqli mübarizə aparsa da son anda Güclülər dəstəsinə vəsiqə qazana bilməmişdi. Ümumiyyətlə, “Bərəkət” peşəkar statusda 1999-cu ilə kimi mövcud olub. Lakin sonradan komanda maddi sıxıntı ucbatından I Dəstədən imtina edərək Həvəskarlar Liqasında oynamağa başlayıb. 1999-00-ci ildə komanda Həvəskarlar Liqasının Şimal zonasında uğurlu çıxş edərək final mərhələyə vəsiqə qazansa da maddi dəstək olmadığı üçün final mərhələdə oynaya bilməmişdi. 2000-01-ci il mövsümüsndə də Həvəskarlar Liqasında mübarizəyə başlayan “Bərəkət” bu dəfə daha çətin qrupa düşmüşdü. Şimal zonasında onlar “Qarabağ” (Xocalı), “Neftçi” (Siyəzən), “Xaçmaz” və “Sumqayıt veteranları” ilə birlikdə Şimal zonasında mübarizəyə qoşulmuşdu. Həmin vaxt “Qarabağ” fəaliyyətini dayandırmış Sumqayıt “Kimyaçı”sının üzvlərindən təşkil olunmuşdu və baş məşqçi də təcrübəli Sabir Əliyev idi. “Sumqayıt veteranları”nın heyətində isə futbolçu karyeralarını yenicə başa vurmuş Nazim Əliyev, Azad Mütəllimov kimi futbolçular oynayırdı. Bununla belə,şabranlılar uğurlu çıxış edərək “Qarabağ”la birlikdə final mərhələsinə vəsiqə qazanmışdılar. Lakin yenidən ortaya çıxan maddi problemlər komandanın daha uğurlu çıxış etməsinə mane oldu. Elə 2001-ci ilin yayında məhz maddi sıxıntı ucbatından komanda fəaliyyətini dayandırmağa məcbur olmuşdu. Təəssüflə qeyd etməliyik ki, o vaxtdan bu günə Şabran təmsilçisi həvəskar səviyyəsindən yuxarı qalxa bilməyib. 2010-cu ildə rayonda yeni futbol komandasının yaradılmasına cəhd edildi. Bu məqsədlə “Çıraqqala” komandası təsis olundu. Hədəf də bu komanda ilə yenidən Həvəskarlar Liqasında mübarizə aparmaq və bir sonrakı mövsüm I divizonda oynamaq idi. Lakin maddi dəstək ala bilməyən “Çıraqqala” uşaq komandası şəklində fəaliyyət göstərməyə başladı. AFFA-ya müraciət edən bu komanda aşağı yaş qruplarından ibarət ölkə çempionatında mübarizyə qoşuldu. Çətin şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, komandadan yaxşı uşaqlar yetişərək üzə çıxır.



Məsələn, baş məşqçisi Nəriman Əzimov olan haqqında danışdığımız komandadan 4 istedadlı futbolçu çıxıb ki, sonradan onları “Bakı” Futbol Akademiyası öz heyətinə qatıb. Bundan başqa, rayonda peşəkar komanda olmadığı üçün bir qədər böyük yaşda olan futbolçular Şimal zonasının I Diviziondakı yeganə komandası olan Qusar “Şahdağ”na üz tuturdu. Rayonun ən güclü yaş qrupları U-14 və U-15 komandaları idi. Qeyd etmək yerinə düşər ki, həmin bu yaş qrupundan ibarət komandalar ötən il Şimal zonası yarışlarından yüksək yer tutub Respublika çempionatında oynamaq hüququ qazanıblar. İndi də gələk yazının girişində qeyd etdiyimiz “Səhliyalı” komandasına. Bu komanda hazırda rayonun yeganə futbol komandasıdır və AFFA-nın yeni yaratdığı “Region Liqası”nda mübarizə aparır. Şimal zonasında yer alan “Səhliyalı” ilk iki turdan sonra sonuncu pillədə qərarlaşıb. İlk turda evdə Sumqayıtın “Uğur” komandasına 1:5 hesabı ilə məğlub olan Şabran təmsilçisi ikinci turda səfərdə Qusar “Şahdağ”ına da 0:5 hesabı ilə məğlub oldu. Bu nəticələr artıq komandanın “Region Liqası”na hazır oilmadığını göstərir. Əslində bunu da normalqəbul etmək lazımdır. Çünki “Səhliyalı” çox qıza zamanda yaradıldı. Bizə verilən məlumata görə, 2017-ci ilin sonunda rayonda yeni komanda yaratmaq, hansısa liqada çıxış etmək kimi bir plan yox idi. Heç bunun üçün maddi baza da yox idi. İlk baxışdan belə görünə bilər ki, həvəskar statusunda oynayan komandaya nə pul, amma elə deyil. Bəli, həvəskar səviyyəli komanda üçün böyük vəsait lazım deyil. Amma müəyyən vəsait mütləq lazımdır. Top, forma, inventar, səfər oyunları üçün nəqliyyat xərci və s. Ona görə də bunları təmin etmədən böyüklərdən ibarət komanda yaratmağın da mənası yox idi. Lakin əksər bölgələri yeni liqaya cəlb etməyi düşünən AFFA bu məsələdə israrlı idi. Yerli icra başçıları ilə danışıqlar zamanı onlardan yerli komandalara dəstək olmaları xahiş olunurdu. Bu mənada Şabran icra hakimiyyətindən də “Region Liqası”na komanda buraxmaq xahiş edilmişdi. Məhz icra başçısının göstərişindən sonra “Səhliyalı”nın “Region Liqası”nda oynamasına razılıq verildi. “Səhliyalı” müxtəlif yaş qrupundan olan futbolçulardan təşkil olunub. Komandada cavan da var yaşlı da. Hətta 40 yaşından yuxarı futbolçular da meydançaya çıxır. Komandanın gələcək hədəfi ilə maraqlandıqda məlum oldu ki, bu gün üçün heç bir ciddi hədəfdən söhbət gedə bilməz. Çünki komanda sadəcə AFFA-nın xahişi ilə yaradılıb və məqsəd də sadəcə, “Region Liqası”nda çıxış etməkdir. Yəni öncədən də qrupdan çıxmaq, daha irəli getmək kimi bir hədəf yox idi. Heyətdə təxminən 20 nəfər futbolçu yer alıb. Bu futbolçuların toplanması üçün də geniş miqyasda seleksiya xarakterli hər hansı məşq keçirilməyib. Belə deyək, rayonda futbol oynamağı bacaran, ayağı az-çox top tutan həvəskar futbolçuları komandaya cəlb olunub. Onların arasında keçən il U-15 liqasının Şimal zonasında yüksək nəticə göstərən yeniyetmə futbolçular da var. Komanda məşqlərini Şabranın mərkəzi stadionunda keçir. Bu stadion haqqında qısaca onu deyək ki, ötən əsrin 60-cı illərində tikilib. O dövr rayonda fəaliyyət göstərən təşkilatlar hərəsi ayrı-ayrılıqda vəsait qoyaraq bu stadionu tikiblər. Stadion tikildiyi gündən heç bir idarə və ya təşkilatın balansında olmayıb. Bu baxımdan hazırda da sahibsiz sayıla bilər. Yalnız yerli gənclər-idman idarəsi bu stadiona nəzarət edir. “Səhliyalı”ya da gündəlik məşqlərini bu stadionda keçmələri üçün rayon rəhbərliyi səviyyəsində icazə verilib. Stadionun şəraitinə gəlincə, bəribaşdan deyək ki, komfort baxımdan heç bir müsbət söz söyləmək olmaz. Bizə verilən məlumata görə, tribunaların ancaq daşı qalıb. Deyilənə görə, bir neçə il bundan əvvələ kimi, stadionda plastik oturacaqlar olub. Lakin sonradan rayon gənclər-idman idarəsinin rəisi həmin oturacaqların yığışdırılmasına dair göstəriş verib.



Səbən də onu göstərib ki, kənar şəxslər stadiona daxil olub həmin oturacaqları sındırırlar. Həm də rayonda futbol komandası olmadığından və stadion boş qaldığından plastik oturacaqların boş-boşuna orda qalmasına da ehtiyac yoxdur. Gülməli məntiq olsa da durum budur. Düşünürük ki, heç olmasa bundan sonra həmin kreslolar yerinə quraşdırılar. Çünki “Səhliyalı” “Region Liqası”nda oyunayır və oyunu izləməyə gələn azarkeşləri düşünmək lazımdır. Məsələn, “Uğur”la ilk tur matçında bir qrup azarkeş daşın üstündə otursa da qalanları ayaq üstə matçı izləməyi üstün tutmuşdu. Soyunub-geyinmə və duş otaqlarının da durumu ürəkaçan deyil. Stadionun yeganə böyük üstünlüyü isə ot örtüyünü təbbi olması və eyni zamanda qazonun altında drenaj sisteminin quraşdırılmasıdır. Hansı ki, respublikada bu tip stadionlar barmaqla sayılacaq saydadır. Bizə verilən məlumata görə, hətta leysan yağanda belə, Şabran stadionunda su qalmır və hamısı drenaj vasitəsi ilə süzülərək gedir. Komandanın təhcizatına gəlincə, formanı yerli icra hakimiyyəti alıb. Elə məşq toplarını da. Həmçinin, AFFA da komandaya 10 ədəd top bağışlayıb. Komandanın konkret sponsoru yoxdur. Bütün xərcləri icra hakimiyyəti qarşılayır. Amma gələcək üçün belə plan var ki, komandaya sponsorluq üçün bəzi şirkətlərə müraciət olunsun. Hazırda isə heyətdə yer alan heç bir futbolçuya maaş və mükafat verilmir. Bəzən iş səbəbindən heç də bütün heyət məşqdə iştirak edə bilmir. “Səhliyalı” komandasının fan klubu da yoxdur. Amma fan klubun olmaması azarkeşin olmaması anlamına gəlmir. Düzdür, bu azarkeş sayını “Bərəkət”in dövründəki azarkeş sayı ilə müqayisə etmək olmaz. Elə “Uğur”la ilk tur matçında da stadiona təxminən 200-ə yaxın azarkeşin toplaşması bunu deməyə əsas verir. Amma yerli futbolsevərlərin bizə verdiyi məlumata görə, burada komandanın zəif olmasının da rolu var. Çünki “Səhliyalı” yeni yığılanda heyətin güclü, komandanın isə iddialı olmayacağı məlum idi. Bunu bilən yerli futbolsevərlər də komandanın oyunlarına ciddi maraq göstərmir.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyələşdirilir.

Layihəni icra etdi Əli HƏYATİ FUTBOLMEDİA.AZ




 
Bölməyə aid digər xəbərlər
23.12.2017
Quba “Şahdağ”ın keçmişi və hazırki durumu (LAYİHƏ)
16.12.2017
Altı gəncin əsdirdiyi “Tufan” (LAYİHƏ)
05.12.2017
Həvəskarlar Liqasında milli komandaya yüksələnlər (LAYİHƏ)
27.11.2017
Kazbek Tuayevi yetişdirən qəsəbənin futbol həyatı (LAYİHƏ)
20.11.2017
Futbol sevgisi olub futbol komandası olmayan Goranboy (LAYİHƏ)

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info