Quba “Şahdağ”ın keçmişi və hazırki durumu (LAYİHƏ)
Tarix: 23.12.2017 | Saat: 10:47:00 | Oxunub: 846 | E-mail | Çapa göndər
Картинки по запросу Media komitəsi loqo


AFFA yanında Media Komitəsinin xətti ilə Futbolmedia.az saytı olaraq həvəskarlar futbolu ilə bağlı layihəmiz çərçivəsində dekabr ayı üçün 3-cü yazımızı təqdim edirik.


Futbolmedia.az saytı həvəskarlar futbolundan bəhs edən layihəsi çərçivəsində növbəti yazısını sizə təqdim edir. Bildiyiniz kimi, artıq yeni “Region liqası” start götürüb. Bu turnirin meydana gəlməsi ilə Həvəskarlar Liqası da tədricən nüfuzdan düşməyə başlayıb. Təsadüfi deyil ki, əksər komandalar, xüsusilə də bölgə təmsilçiləri həvəskar status daşıyan bu iki turnir arasında seçim edərkən Həvəskarlar Liqasına yox, “Region Liqası”na üstünlük verirlər. Bu mənada bizim də həvəskarlar haqqında yazılarımızın istiqaməyini bu liqaya çevirməyimiz təsadüfi deyil. Keçən həftə sizə yeni yaranan və Paytaxt zonasında mübarizəyə qoşulan “Tufan” komandasından bəhs etmişdik. Bu dəfəki yazımızda isə bölgəyə səyahət edəcəyik. Haqqında bəhs edəcəyimiz komanda isə Quba “Şahdağ”dır. O “Şahdağ” ki, 15 illik fasilədən sonra yenidən futbol səhnəmizə qayıtdı. Quba təmsilçisi “Region Liqası”nın Şimal zonasında mübarizəyə qoşulub. Komanda artıq yeni liqad ailk oyununu da keçirib və ilk turda Qusar “Şahdağ”ı ilə keçirilən “Şimal derbisi”ndə rəqibinə 0:1 ilə məğlub oldu. Amma nəzərə alsaq ki, ikinci dövrədə tərəflər Qubada da üz-üzə gələcək, o zaman qubalıların revanş şansı qalmaqdadır. “Şahdağ”ın hazırkı durumuna keçməmişdən öncə isə istərdik, ümumiyyətlə, Quba futbolu və onun tarixi haqda da məlumat verək. Daha da dəqiqləşdirsək bunu elə “Şahdağ”ın tarixi də hesab edə bilərsiniz. Quba futbol rayonu sayıla bilər. Burada hələ SSRİ dönəmindən istər böyük, istərsə də uşaq futbolu heç də zəif olmayıb. Hətta uşaq komandaları daha yaxşı nəticələr qazanıb. Ümumiyyətlə Qubada futbolun tarixi ötən əsrin 20-ci illərinə gedib çıxır. Məsələn, 1928-ci ildə 8 komandanın iştirakı ilə keçirilən Azərbaycan çempionatında Quba komandası da iştirak edib. Buna əsasən demək olar ki, rayonun futbolunun 100 ilə yaxın yaşı var.




1936-cı ildə keçirilən Azərbaycan kuboku uğurunda yarışda da Qubanın komandası olub. Bu komanda Böyük Vətən müharibəsinin başlamasına qədər fəaliyyət göstərib və yalnız müharibə başladıqdan sonra fəaliyyətinə ara verib. Müharibədən sonra isə rayonda yenidən futbolun bərpası bir qədər uzun sürüb. Belə ki, müharibə 1945-ci ildə başa çatsa da Qubada futbolun yenidən bərpası 60-cı illərdən başlayıb. 1961-ci ildə rayonda “Şahdağ”ın sələfi hesab olunan “Spartak” komandası yarandı. Komandanın adını “Spartak” olması o dövr üçün normal qarşılandı. Çünki SSRİ vaxtı “Spartak” İdman Cəmiyyəti fəaliyyət göstərirdi və bütün ittifaq üzrə geniş yayılmışdı. Qubada futbol komandasına bu adın verilməsi bu səbəbdən idi. Ümumiyyətlə o dövr “Dinamo”, “Spartak” kimi adlar məşhur olduğundan bu ad altında çıxış edən futbol komandaların sayı da çox idi. “Spartak” yeni yaranmasına baxmayaraq, ilk illərdən iddiasını ortaya qoydu və 1962-ci ildə Azərbaycan çempionu adını qazandı. Bu nəticə o dövr üçün çoxları tərəfindən sensassiya kimi qəbul olundu. Həmin heyətlə bağlı qubalılardan maraqlandıqda məlum oldu ki, həmin çempion heyətin böyük əksəriyyəti dünyasını dəyişib. Cəmi üç nəfər sağ qalıb ki, bunlar da Cahangir Hüseynov, Adil Cəfərov və Mayıl adlı bir şəxsdir. 70-ci illərdə isə “Spartak”ın adı dəyişdirilərək bugünkü “Şahdağ” adı verildi. Bununla da Azərbaycan çempionatı və kubok oyunlarında “Şahdağ” adına rast gəlinməyə başladı. Həmin vaxt “Şahdağ”ın əsas komandasından başqa uşaq komandası da ittifaq miqyaslı yarışlarda çıxış edirdi. Məsələn, 1971-ci il keçirilən yeniyetmələr arasında “Dəri” kuboku üzrə SSRİ kubokunun qalibi də məhz “Şahdağ” olmuşdu. Həmin turnir tək Qubanın yox, bütün Azərbaycanın futbol tarixinə düşdü. İş ondadır ki, “Şahdağ” finalda Ermənistanın “Lusaşok” komandası ilə üz-üzə gəlirdi. Hazırkı Tofiq Bəhramov adına Respubika stadionunda baş tutan matçın baş hakimi də elə Tofiq Bəhramov olub. Onda stadion Leninin adını daşıyırdı. Oyunda hesabı ermənilər açsalar da, ilk hissənin sonuna kimi “Şahdağ” bərabərlik qolunu vura bilib. İkinci hissədə isə daha bir qol vuran qubalılar, oyundan 2:1-lik qələbə ilə ayrılaraq “Dəri top” Kubokunun qalibi adına layiq görülüblər. Həmin vaxt “Şahdağ”ın baş məşqçisi Əfəndi Seyidov olmuşdu. Müstəqillik dönəmində isə rayon Azərbaycan futbolunda bir qayda olaraq “Şahdağ” adı ilə tanınıb. Düzdür, qubalıları elitada nadir hallarda görmək mümkün olub. Daha da konkretləşdirsək, qusarlı adaşlarından fərqli olaraq, Quba təmsilçisi elitada cəmi bir dəfə çıxış edib. 1999-00-ci il mövsümündə I dəstədə 1-ci yeri tutan Quba təmsilçisi Güclülər dəstəsinə vəsiqə qazanıb. Lakin mövsümü uğursuz keçirərək elitada yerini qoruya bilməyib və mövsümün sonunda oranı tərk edib. Bunun ardınca isə fəaliyyətini dayandırıb. Həmin mövsüm ün ikinci dövrəsində nəticələr daha bərbad olub. Məsələn, “Şahdağ” 2001-ci ildə səfərdə həmin dövrün iddialı komandalarından olan “Şəmkir”ə 1:10 hesabı ilə məğlub olmuşdu ki, bu nəticə də “Şahdağ”ın ölkə çempionatlarındakı ən böyük hesablı məğlubiyyəti olub. Aradam keçən 15 il ərzində qubalılar bir neçə dəfə “Şahdağ”ı yenidən ərpa etməyə cəhd ediblər. Hətta 2009-cu ildə buna yaxın da olublar. Belə ki, Ceyhun adlı rayon sakini birbaşa Moskvada yaşayan azərbaycanlı milyarder Telman İsmayılova çıxış taparaq ondan Quba komandasına sponsorluq etməyi xahiş edib. Deyilənə görə, İsmayılov da ilk addımda bu təklifə müsbət yanaşıb. Hətta bunun ardından Qubada yenidən peşəkar komandanın yaradılması və güclü futbolçuların toplanması üçün əməli fəaliyyətə start verilib. Lakin bir müddət sonra naməlum səbəblərdən “Şahdağ”ın bərpadı baş tutmayıb. Bəziləri bunu İsmayılovun sözünü tutmaması ilə əlaqələndirsə də bizim əldə etdiyimiz məlumata görə, əslində səbəb daxildən olub. Yəni bir qrup yüksək çinli şəxs İsmayılovun Qubada komanda yaratmasına imkan verməyiblər. Böyük komanda alınmadıqda qubalılar uşaq komandaları ilə kifayətlənməli olub. Baxmayaraq ki, 2004-cü ildə rayonda 3 yaş qrupu üzrə fəaliyyət göstərən "Quba" peşəkar futbol klubu yaradılıb. Həmin klubun tərkibində böyüklər də var idi.



Təəssüf ki, 2007-ci ildə bu komanda da maliyyə problemləri səbəbindən fəaliyyətini dayandırıb. Bundan sonra Qubanı ölkə çempionatında yalnız uşaq komandaları təmsil etməyə başladı. Bir vaxtlar “Şahdağ”ın heyətində çıxış etmiş və ölkə miqyasında tanınan futbolçulara gəlincə, bunların sırasında Elxan Müslümovla Emin Əmiraslanovun adlarını çəkmək olar. Elxan bir ara Olimpiya yığmamızın da üzvü olub. Eyni zamanda “Şəfa”, MOİK, “Xəzər Lənkəran” kimi klublarda forma geyinib. Hazırda isə I Divizion yarışlarına 4-cü hakim kimi təyinat alır. Emin isə daha çox “Bakı”da parlaması ilə yadda qalıb. Bir ara bu klubda ən istedadlı futbolçulardan sayılıb. Sonralar “Gənclərbirliyi” və Qusar “Şahdağ”ında da forma geyinib. Milli komandaya da cəlb olunub. Bir ara “Şərurspor”da forma geyinən Sərxan Ağayev də Quba futbol məktəbinin yetirməsidir. Yazının girişində “Şahdağ”ın bu ildən yenidən bərpa olunaraq “Region Liqası”nda mübarizəyə qoşulması haqda məlumat verdik. Komanda AFFA-nın xahişi ilə Quba Rayon İcra Hakimiyyəti tərəfindın bərpa olunub. Belə ki, federasiyadan icra hakimiyyətinə həm zəng olunub, həm də nümayəndə göndərilib. Nəticədə icra hakimiyyətindən AFFA-ya müsbət cavab verilib. Komanda ən qısa zamanda toplanıb. Heyətdə əsasən yerli futbolçular yer alıb. Komandaya baş məşqçi kimi Dəyanət Rzayev təyin olunub. Maraq üçün deyək ki, bu, Rzayevin böyük futbolda ilk işidirə. Belə ki, buna qədər o, uşaq futbolunda çalışıb və Qubanın AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qruplarından ibarət komandalarına rəhbərlik edib. Belə baxanda rayonda ondan başqa elə bir məşqçi də yoxdur. Rzayev mütəmaddi olaraq AFFA-nın məşqçilik kurslarında da iştirak edib. Onun köməkçisi isə bir vaxtlar “Bakı” və “Gənclərbirliyi” kimi elita klublarında forma geyinmiş Emin Əmiraslanovdur. Əmiraslanov “Şahdağ”da oynayan-məşqçi funksiyasını yerinə yetirir. Komanda məşqlərini Quba Olimpiya Kompleksinin stadionunda keçir. Çünki rayonda başqa stadion yoxdur. Əslində belə bir stadion olub. Özü də Quba mərkəzi stadionu. Hansı ki, rayonun ən böyük idman qurğusu sayılırdı və mənzərəli məkanda, Qudyalçayın yaxınlığında yerləşirdi. “Şahdağ” da bir vaxtlar ev oyunlarını məhz həmin stadionda keçirərdi. Deyilənə görə, çay stadiona o qədər yaxın imiş ki, topu bir az bərk zərbə vursan, gedib çaya düşərmiş. 2007-ci ildə stadionda əsaslı təmir işlərinin görülməsinə qərar verildi. Bunun üçün maliyyə də ayırılmışdı. Lakin yenidənqurma işləri zamanıərazidə kütləvi məzarlıq aşkarlandı. Məhz bundan sonra işlər yarımçıq dayandırıldı və əraziyə aidiyyatı qurumların nümayəndələri çağırıldı.



Araşdırma zamanı məlum oldu ki, bu məzarlıq 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşi soyqırımın qalıqlarıdır. Məhz bundan sonra stadion layihəsi birdəfəlik ləğv olundu, meydanın arxa qapısına yaxın hissəsində Quba Soyqırımı Memorial Kompleksinin tikintisinə qərar verildi Məhz bundan sonra Quba Olimpiya Stadionu rayonun əsas idman qurğusuna çevirildi. Bu kompleks isə 2003-cü il oktyabrın 11-də istifadəyə verilib. 16 hektarlıq böyük bir ərazini əhatə edən Quba Olimpiya İdman Kompleksi bir çox imkanlara malikdi. Burada futbol, mini-futbol, basketbol, voleybol kimi komanda idman növlərinin inkişaf etdirilməsi üçün hər bir şərait var. Kompleksdə həmçinin qonaqların qalması üçün otel otaqları, 2 mərtəbəli kotteclər, geniş mənzillər, həmçinin 200-nəfərlik konfrans salonu da var. Kompleksin ən böyük ərazisi isə stadionun payına düşür. Quba Olimpiya Kompleksinin stadionu 5000 nəfər tamaşaçı tutumuna malikdir. Lakin uzun illərdi komanda olmadığıdan stadion da baxımsız vəziyyətdə qalıb. Ot örtüyü yaxşı vəziyyətdə deyil. Ona görə də orda hər gün məşq etmək olmur. Soyunub-geyinmə otaqlarına bir qədər əl gəzdirilib. İsti-soyuq su problem yoxdur. Komandaya tamamilə icra hakimiyyəti baxır. Yəni “Şahdağ”ın sponsor yoxdur. AFFA yalnız 10 ədəd top verməklə kifayətlənib. Formaları icra hakimiyyəti alıb, nəqliyyat xərclərini isə gənclər idman idarəsi qarşılayır. Futbolçulara maaş verilməsi nəzərdə tutulmayıb. Amma bizə verilən məlumata görə, qələbələrə görə cüzi də olsa mükafat planlaşdırılır. Komandanın hələlik fan klubu yoxdur. Ancaq “Region Liqası”nın II turu üçün rayonda müəyyən təbliğat işləri aparılıb, məktəblərə, idarə və müəssisələrə oyunlara gəlməklə bağlı tövsiyyələr verilib. Eyni zamanda rayonun əssa küçələrinə, bazaar ətrafına afişaların vurulması da nəzərdə tutulub. Komandanın maddi dayağı güclü olmadığı üçün daha çox qubalı uşaqlara güvənilir. Komandanın gələcəklə bağlı xüsusi planı yoxdur. Daha doğrusu, belə bir planın hazırlanması maliyyədən asılıdır. Əgər sponsor tapılarsa, I Divizionda oynamaqla bağlı qərar veriləcək.

Layihəni icra etdi Əli HƏYATİ Futbolmedia.Az




 
Bölməyə aid digər xəbərlər
26.12.2017
17 ildən sonrakı qayıdış: “Səhliyalı”ya kömək lazımdır (LAYİHƏ)
16.12.2017
Altı gəncin əsdirdiyi “Tufan” (LAYİHƏ)
05.12.2017
Həvəskarlar Liqasında milli komandaya yüksələnlər (LAYİHƏ)
27.11.2017
Kazbek Tuayevi yetişdirən qəsəbənin futbol həyatı (LAYİHƏ)
20.11.2017
Futbol sevgisi olub futbol komandası olmayan Goranboy (LAYİHƏ)

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info