Altı gəncin əsdirdiyi “Tufan” (LAYİHƏ)
Tarix: 16.12.2017 | Saat: 11:42:00 | Oxunub: 896 | E-mail | Çapa göndər
Картинки по запросу Media komitəsi loqo


AFFA yanında Media Komitəsinin xətti ilə Futbolmedia.az saytı olaraq həvəskarlar futbolu ilə bağlı layihəmiz çərçivəsində dekabr ayı üçün 2-ci yazımızı təqdim edirik.
Altı gəncin əsdirdiyi “Tufan”


Futbolmedia.az saytı həvəskarlar futbolu ilə bağlı layihəsi çərçivəsində növbəti yazısını sizlərə təqdim edir. Bu dəfə yenicə start götürən “Region Liqası”nın iştirakçısı “Tufan” haqda söhbət açacağıq. Xeyr, bu, bir vaxtlar Füzulini təmsil edən və Azərbaycan çempionatlarının ən məhsuldar futbolçusu Nazim Əliyevin ilk klubu olan “Tufan” deyil. Bu “Tufan” yeni yaranıb özü də Bakını təmsil edir. Ötən il Həvəskarlar Liqasında mübarizə aparıblar. Bu ildən isə yeni yaranan “Region Liqası”nda mübarizə aparmağa qərar veriblər.Kənardan həvəskar futbol daha asan görünür. Hər kəs düşünür ki, 12-13 nəfər bir araya gəlib top, forma alıb həvəskar şəkildə çempionatda oynaya bilər. Amma hər şey göründüyü qədər də sadə deyil. Düzdür, həvəskarlar liqasında futbola elə həvəskar gözü ilə baxanlar da var. Hansı ki, sadəcə, gözlərinin qurdunu öldürürlər. Amma elə həvəskarlarda var ki, gələcəklə bağlı planlar qururlar və planın ilk bünövrəsi olaraq həvəskarlar liqasından başlayırlar. Yəni ən aşağıdan başlayıb pillə-pillə, zamanla peşəkarlaşmağa doğru gedirlər. “Tufan”ın seçdiyi yol da hardasa buna bənzərdi. Komanda rəhbərliyinin bizə verdiyi məlumata əsasən bu qənaətə gəlirik ki, onlar 1-2 ilin komandası olmaq istəmirlər. İstəyirlər uzun müddətli, keyfiyyətli iş ortaya qoysunlar. “Tufan” komandası 2015-ci ildə yaradılıb. Yəni cəmi iki ilin komandasıdır.




Komandanın yaradıcıları isə altı nəfər gəncdir. Heç birinin futbolla peşəkar şəkildə bağlılığı yoxdur. Nə vaxtsa bu idman növü ilə peşəkar məşğul olan, yaxud bu sahədə fəaliyyət göstərən şəxs yoxdur. Sadəcə, sırf futbol həvəskarı olduqları üçün bir araya gəlib yeni bir komanda yaratmağa qərar veriblər və bu qərar nəticəsində də qeyd etdiyimiz kimi, 2015-ci ildə “Tufan” yaranıb. Elə yarananda da ilk hədəf məhz Həvəskarlar Liqasında oynamaq olub. Bu səbəbdən də 2015-ci ildən sözügedən liqada iştrak etməyə başlayıblar. Onu da deyək ki, komanda 2015-ci ildə yaransa da bir il qeyri-rəsmi olaraq fəaliyyət göstərib. Lakin qarşılarına daha ciddi hədəflər qoyan bu altı gənc 2016-cı ildə rəsmi dövlət qeydiyyatı üçün Ədliyyə Nazirliyinə müraciət ediblər. Müraciətləri müsbət qəbul olunub və 2016-cı ildə etibarın “Tufan” komandası Ədliyyə Nazirliyində ictimai birlik kimi qeydə alınıb. Hazırda komanda idarə heyəti, Müşahidə Şurası var. Komandanın gələcəyi ilə bağlı qərarları da şurada yer alan altı şəxs birlikdə apardıqları müzakirələrdən sonra verirlər. Komanda rəhbərliyindən bir məsələyə də münasibət öyrənməyi lazım bildik. Yazının girişində də toxunduğumuz kimi, “Tufan” bir vaxtlar Füzuli rayonunu təmsil etmiş komanda olub. Düzdür, bu komandanın fəaliyyəti daha çox sovet dövrünə təsadüf edib, amma müstəqilliyimizin ilk illərində də füzulilər bir neçə dəfə həmin komandanı bərpa etməyə cəhd edib. Bu isə o anlama gəlir ki, “Tufan” adı məşğul adlardan sayıla bilər. Bu mənada ikinci bir “Tufan”ın meydana gəlməsi belə asan olmamalı idi. Lakin nə qədər maraqlı olsa da komandadan bizə cavab bu oldu ki, sözügedən məsələ ilə bağlı heç bir problem olmadı. Sən demə artıq, Ədliyyə Nazirliyində bu adda komanda qeydiyyatda deyil. Hər halda, bunun özü də maraqlı məqamdır. Hər halda komandanın qeydiyyata alınmasında heç bir problem yaranmadı və təsisçilər əməli işə başladılar. İlk günlərdən qarşıya qoyulan hədəf cavan, istedadlı futbolçulardan ibarət komanda qurmaq idi. Bizə verilən məlumata görə, bu plan hələ bir neçə il qüvvədə qalacaq. Yəni rəhbərlik yaxın illər əzrində həvəskar statuslu fəaliyyətin tərəfdarıdır. Faliyyət istiqaməti həvəskarlar liqası olsa da işə yanaşmada peşəkarlığa üstünlük verilir. Bunun da bir səbəbi gələcəkdə daha yaxşı peşəkar komanda olmaqdır. Yəni 2-3 il hazırkı strategiya sınaqdan çıxarılacaq, heyətə cəlb olunan futbolçuların hazırlıq səviyyəsinə, inkişaf tempina baxılacaq. Əgər onların oyununda inkişaf olarsa, komanda ildən-ilə həvəskarların oynadığı liqada uğur qazanarsa, o zaman rəhbərlik hədəflərdə də dəyişiklik haqda düşünəcək. Yəni həvəskarlardan peşəkarlığa keçmək yolunda. Komandanın heyətinə gəlincə, hazırda bu say 25 nəfərdən ibarətdir. “Tufan” həmin 25 nəfərlə “Region Liqası”nda mübarizə aparacaq. Futbolçuların yaş həddinə gəlincə, burada 1998, 99 və 2000-ci il təvəllüdlü futbolçular yer alıb. O ki qaldı futbolçuların hansı yolla komandaya cəlb edilməsinə, bu, seçim xarakterli olur. Belə ki, mövsümdən öncə seleksiya xarakterli məşqlər təyin olunur. Həmin məşqlərin vaxtı, məkanı və qaydaları haqda komandanın sosial şəbəkədəki hesablarında məlumatlar, elanlar yerləşdirilir. Əlavə olaraq, eşidən-bilən də könüllü olaraq gəlib sınaq məşqlərində iştirak edə bilər. Həmin məşqdə özünü ən yaxşı tərəfdən göstərənlər “Tufan” komandasına cəlb olunur. Məşqlərdən və heyətdən söz düşmüşkən, komandada bu işlərə nəzarət edən baş məşqçinin kimliyi ilə maraqlansaq da bu haqda bizə məlumat verilmədi. Səbəbini də bu cür izah etdilər ki, hələlik həmin şəxslə rəsmi müqavilə bağlanmayıb.Yəni ola bilər sabah həmin məşqçi çıxıb gedə də bilər. Odur ki, baş məşqçinin adı yalnız rəsmi müqavilə bağlanandan sonra açıqlanacaq. Ancaq qeyd etdiyimiz kimi, bu günə qədər bütün məşqlər həmin adı açıqlanmayan məşqçi aparır. Komandanın infrastruktur və eləcə də məşq proqramı ilə də maraqlandıq. Məlum məsələdir ki, bunlar olmadan hətta həvəskarlar liqasında da oynamaq mümkün deyil. Çünki əgər futbol oynayırsansa, çempionatda iştirak edirsənsə, həvəskar olsan belə, həftədə ən azı 2-3 dəfə məşq etməlisən, bunun üçün də stadion tapmalısan. “Tufan” komandası bu problemi yoluna qoyub. Əldə etdiyimiz məlumata görə, komanda yeni yarandığı ilk ildə Qaraçuxur qəsəbəsində məskunlaşıb. Məkan kimi isə “Rəvan” Futbol Klubunun bazası seçilib. Bildiyiniz kimi, “Rəvan” bir vaxtlar Premyer Liqada mübarizə aparanda bu klubun rəhbərliyi Qaraçuxurda bazanın tikintisinə də başlamışdılar. Lakin sonradan klub I Diviziona düşdü və məlum söhbətlərdən sonra oradan da uzaqlaşdırıldı.





Bundan sonra klubun bazası da boş qalmışdı. “Tufan” da bu fürsətdən istifadə edib “Rəvan”ın bazasını icarəyə götürdü və məşqlərini orada etməyə başladı. İlk vaxtlar komanda həftədə 1-2 məşqlə kifayətlənirdi. Lakin vaxt ötdükcə məşqləri daha da intensivləşdirmək lazım gəldi. Bundan başqa, rəhbərlik komanda həvəskar olsa da daha yaxşı şəraitdə məşq keçməyi zəruri hesab etdi. Bu səbəbdən 2016-cı ildən etibarən məkan dəyişdirildi və “Bakı” Futbol Klubunun bazasına üz tutuldu. “Bakı” rəhbərliyi ilə danışıqlardan sonra “Tufan” bu klubun bazasına köçdü. Köçdü deyəndə təbii ki, daimi olaraq məskunlaşmaqdan söhbət getmir. Amma komanda həftədə beş dəfə burada məşq edir. Eyni zamanda, ev oyunarını da “Bakı”nın bazasındakı süni örtükü meydançada keçirir. Təbii ki, bütün bunlar icarə qaydasında olduğundan bunun üçün “Bakı” klubuna müəyyən icarə haqqı da ödənilir. Bu arada, komandanın maddi durumu haqda da rəhbərlikdən müəyyən məlumatlar əldə edə bildik. Çünki bayaq da qeyd etdiyimiz kimi, həvəskar şəkildə fəaliyyət göstərsən də komandanın müəyyən xərcləri var ki, onlar qarşılanmalıdır. Öyrədik ki, komandanın hansısa sponsoru, himayədarı yoxdur. Bütün xərcləri də elə təsisçilər, haqqında danışdığımız altı gənc qarşılayır. Top, forma, inventar, meydança məsələsi və s. Komandaya gələcək üçün hansısa sponsorun cəlb edilib-edilməməsinə gəlincə, bizə bildirildi ki, hazırda belə bir məsələ gündəmdə deyil. Buna səbəb kimi də komandanın yeni olması və heç bir nəticə qazanmamasıdır. Yəni təsisçilər istəyir ki, ilk növbədə öz gücləri hesabına yaxşı komanda formalaşdırsınlar, həmin komanda ortaya keyfiyyətli oyun, nəticə qoysun və bundan sonra hansısa sponsora ağız açılsın.




Əslində burda da məntiq var. Çünki bəzən hansısa sponsora müraciət edəndə komandanın nəticələri ilə maraqlanır. Bilmək istəyir ki, pul qoyacağı komandanın keyfiyyəti, perspektivi var, ya yox. Hələ ki, təsisçi gənclərin maddi durumu mövcud xərcləri qarşılamağa imkan verir. Bir məsələ də var ki, “Tufan” “Region Liqası”nda uğurlu çıxış edərsə və qrupdan çıxarsa o zaman bölgələrə səfərlərdə mümkündür. Bu zaman nəqliyyat xərci daha çox olacaq. Çünki indi komanda Bakı zonasında yer aldığından bütün oyunları da elə Bakıda keçirəcək. Faktiki nəqliyyat xərci çəkməyəcək. Amma bölgəyə səfər ehtiyacı yaranarsa əlavə xərvə gərək duyulacaq. Akin bizə məlumat verildi ki, bu barədə də heç bir problem olmayacaq və bölgəyə səfər ehtiyacı yaranarsa onun da xərcini idarə heyətində yer alan gənclər özləri ödəyəcək. Komanda həvəskar statusu daşıdığından futbolçulara maaş verilmir. Heç qələbəyə görə mükafat təyin olunayacaq. Komandanın azarkeşinin olub-olmamsı ilə də maraqlandıq və məlum oldu ki, “Tufan”da fan klub anlayışı yoxdur. İndiki halda buna önəm də verilmir. Yəni bu məsələdədə yanaşmaq sponsor məsələsində olduğu kimidir: komanda keyfiyyətli futbol ortaya qoysa, azarkeş özü gələcək. Təsisçilərdən niyə məhz Bakını seçmələrinin səbəbini də soruşduq. Çünki gələcəklə bağlı ciddi planlar düşünən komanda azarkeş faktoruna da ciddi fikir verir ki, bu barədə paytaxtda əməlli-başlı problem var. Amma bölgələrdə belə bir problem yoxdur. Ən azından Bakının futbolsuz kəndlərindən, qəsəbələrindən birini seçmək olardı. Bildirildi ki, komanda yeni yarananda vaxt və digərresuslar məhdud olduğundan bölgə haqda düşünməyə, araşdırma aparmağa vaxt olmayıb. Yəni araşdırılsın görülsün ki, hansı bölgədə futbol komandasına daha çox ehtiyac var. Amma gələcək üçün bu məsələ də gündəm ola bilər. Sadəcə, hər şey işlərin gedişatından asılı ola bilər. Gələcəkdə zərurət və şərait yaranarsa, “Tufan” hansısa bölgəni, yaxud Bakının hansısa qəsəbəsini də təmsil edə bilər.

Layihəni icra etdi Əli HƏYATİ Futbolmedia.Az




 
Bölməyə aid digər xəbərlər
26.12.2017
17 ildən sonrakı qayıdış: “Səhliyalı”ya kömək lazımdır (LAYİHƏ)
23.12.2017
Quba “Şahdağ”ın keçmişi və hazırki durumu (LAYİHƏ)
05.12.2017
Həvəskarlar Liqasında milli komandaya yüksələnlər (LAYİHƏ)
27.11.2017
Kazbek Tuayevi yetişdirən qəsəbənin futbol həyatı (LAYİHƏ)
20.11.2017
Futbol sevgisi olub futbol komandası olmayan Goranboy (LAYİHƏ)

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info