Həvəskarlar Liqasında milli komandaya yüksələnlər (LAYİHƏ)
Tarix: 05.12.2017 | Saat: 11:56:00 | Oxunub: 1050 | E-mail | Çapa göndər
Картинки по запросу Media komitəsi loqo


AFFA yanında Media Komitəsinin xətti ilə Futbolmedia.az saytı olaraq həvəskarlar futbolu ilə bağlı layihəmiz çərçivəsində dekabr ayı üçün 1-ci yazımızı təqdim edirik.


Futbolmedia.az həvəskarlar futbolundan bəhs edən layihəsi çərçivəsində növbəti yazısını sizə təqdim edirik. Bu dəfəki yazımız bir qədər fərqlidir. Bildiyiniz kimi, futbolçuların yığma komandaya qədər keçdiyi bir yol olur. Uşaq futbolundan başlayıb müxtəlif yaş qruplarından ibarət millilərdə, eləcə də iddialı klublarda oynayıb əsas milliyə qədər yüksəlirlər. Amma elə məşhur futbolçular da var ki, milli komandaya qədər hətta heç bir aşağı yaş qruplarından ibarət komandalarda da oynamayıblar. Məsələn, Rəşad Sadıqov, Mahir Şükürov kimi futbolçular əsas milliyə qədər aşağı yaş qrupundan ibarət heç bir milli komandada forma geyinməyiblər. Elə tanınmış futbolçular da olub ki, onlar bir vaxtlar həvəskar şəkildə futbol oynayıblar, Həvəskarlar Liqasında top qovublar. Elə bizim özümüzdə də bu cür futbolçulara rast gəlmək mümkündür.








Düzdür, indi belə bir hala rast gəlmək mümkün deyil. Çünki bizim indiki Həvəskarlar Liqasından gələcəkdə milli səviyyəsində yetişəcək potensiala malik futbolçu tapmaq müşkül məsələdir. Amma bir vaxtlar Azərbaycanda Həvəskarlar Liqası daha maraqlı və daha səviyyəli olub. Görünür bunun nəticəsidir ki, ordan çıxan bəzi futbolçular sonradan milliyə qədər yüksəliblər. Bu yazımızda da məhz həmin futbolçulardan bəhs edəcəyik. Fərrux İsmayılov 1978-ci ildə Qərbi Azərbaycanda anadan olub. Uzun illər Azərbaycanın iddialı klublarında və milli komandada forma geyinib. Çoxları İsmayılovu “Dinamo”dakı çıxışlarından tanıyır. Məhz həmin komandada parlayan Fərrux sonradan “Neftçi”, “Qarabağ”, “Karvan”, “Olimpik”, “Qəbələ”, “Muğan” kimi klublarda oynayıb. Karyerası boyunca legioner həyatı da yaşayıb, İranın “Sanat Naft” və Ukraynanın “Voln” klublarının da şərəfini qoruyub. Milli komandada da 31 dəfə forma geyinən Fərrux 4 qola imza atıb.

Картинки по запросу Rəşad sadIqov gənclik

Lakin çoxları bilmir ki, Fərrux tanınmamışdan öncə Həvəskarlar Liqasında çıxış edən “Qartal 95” komandasının heyətində çıxış edib. 1997-ci ildə bu komanda “Çinar Akademiyası” ilə birləşərək “Dinamo” adı altında yüksək liqada oynamağa başladı. Fərrux də o vaxtlar həmin komandanın heyətində elitada debüt etdi. Sonrası haqda isə yuxarıda yazdıq. Samir Əliyev 1979-cu ildə Qərbi Azərbaycanda anadan ollub. O da Fərrux kimi uzun illər Azərbaycanın iddialı klublarında və yığma komandada forma geyinib. 1996-97-ci il futbol mövsümündə AFFA 18 yaşlı futbolçulardan ibarət milli komandanı müsabiqədən kənar olaraq Güclülər dəstəsinə buraxdı. Samir də həmin komandanın heyətində elitada debüt elədi. Sonra hərbi xidmət vaxtı çatdığından MOİK-ə keçib və bir il orada oynayıb. Məhz orada bir mövsümə 18 qol vuraraq parlamış və hərbi xidməti başa vuran kimi “Neftçi” onu öz heyətinə qatmışdı. Samir “Neftçi”dən başqa “Xəzər Lənkəran”, “İnter”, “Simurq” və qısa müddətdə “Turan”ın da şərəfini qoruyub. Bundan başqa, Ukraynanın “Voln” və Rusiyanın “Uralan” klublarında da forma geyinib. Eyni zamanda Azərbaycan millisinin də formasını 31 dəfə geyinib və 2 qola imza atıb. U-18 millisindən əvvəl isə Samir də Həvəskarlar Liqasında çıxış etmiş, Bakının “Naxçıvan” komandasının heyətində çıxış etmişdi. Samir Musayev 1979-cu ildə Gürcüstanın Dimanisi rayonunda anadan olub. İlk dəfə “Dinamo”nun heyətində tanınmağa başladı. Bu komanda dağılandan sonra “Şəfa” keçdi və orada uğurlu çıxışını davam etdirdi. 2002-ci ildə isə “Qarabağ”a transfer olundu və bu klubun heyətində 85 oyuna 44 qola imza atdı. Kənardan artıq çəkili kimi görünsə də oyununda bunu qəti hiss etdirmirdi. Həmçinin “Simurq”, “Olimpik”, “Turan” klublarında da forma geyinib. 3 dəfə Azərbaycan millisində də forma geyinmək imkanı tapıb. Samir də elitadan öncə Həvəskarlar Liqasında çıxış edib və o da Samir Əliyevlə birgə “Naxçıvan” komandasının heyətində çıxış edib. Elşən Məmmədov 1980-cı ildə Bakıda anadan olub. Digər futbolçulardan fərqli olaraq Elşən Həvəskarlar Liqasında karyerasını başladığı klubla yüksək liqaya yüksəlib. Söhbət “Xəzər Universiteti”ndən gedir. 1997-ci ildən bu komandada oynamağa başlayan Elşən 1999-cu ildə bu komanda ilə elitada oynamaq hüququ qazanıb. Daha sonra “Xəzər Universiteti” adını dəyişərək “İnter” olunca, Məmmədov karyerasını bu komandada davam etdirib. “Xəzər Univresiteti” və “İnter”də üst-üstə 112 oyunda meydançaya çıxıb və 21 qola imza atıb. 2007-08-ci illərdə “Standard” və “Qarabağ” komandalarında da forma geyinib. Daha sonra “Simurq”da iki il oynayıb və komandanın aparıcı futbolçularından olub, 51 oyuna 13 qol vurub. Eyni zamanda AZAL-da da çıxış edib. 2016-cı ildə I Divizion təmsilçisi “Şərurspor”da bir oyunda forma geyinərək karyerasını başa vurub. Elşən 2006-11-ci illər ərzində Azərbaycan millisində də 6 matçda forma geyinib. Aqşin Ömərov 1981-ci ildə Bakıda doğulub.

Картинки по запросу Mahir Şükürov

Aqşinin elə də böyük karyerası olmasa da elitada “Xəzər Universiteti”, “İnter”, “Simurq”, “Muğan” kimi klublarda forma geyinib, U-21 millimizin də üzvü olub. Aqşin də Elşən kimi “Xəzər Universiteti”nin heyətində komanda Həvəskarlar Liqasında çıxış etdiyi vaxtlardan forma geyinib. Hazırda da karyerasını davam etdirən Ömərov futzal çempionatında çıxış edən “Marafon” komandasında forma geyinir. Mahir Şükürov 1982-ci ildə Sumqayıtda anadan olub. Futbol ictimaiyyəti onu ilk dəfə 2000-ci ildə “Kimyaçı”nın heyətində tanımağa başladı. “Kəpəz”lə ölkə kubokunun ¼ final mərhələsinin Sumqayıtda oynanılan cavab matçında ikinci hissədə oyuna girən Şükürov qonaqların qapısına qol vurmaqla “Kimyaçı”nın 1:0-lıq qələbəsini təmin etmişdi. Daha sonra “Şəfa”da bir qədər də artıraraq milli komandaya dəvət alan Şükürov aşağı yaş qruplarından ibarət heç bir komandada forma geyinməyib. Daha sonra yeni yaranan “Gənclərbirliyi”nə gələrək Sabir Əliyevin rəhbərliyi altında bir il I dəstədə çıxış etmiş və yüksək liqaya vəsiqə qazanmışdı. Daha sonra “Antalyaspor”a getsə də uyğunlaşa bilməyərək geri qayıtmış və “Karvan”a transfer olunmuşdu. Həmin ildən etibarən ölkənin əksər iddialı komandalarında və eləcə də milli komandada forma geyinib. “Karvan”dan sonra “Neftçi”, “İnter”, “Xəzər Lənkəran”, “Olimpik”, “Qəbələ” kimi klubarda forma geyinib. Müxtəlif vaxtlarda “Neftçi”də 3 dəfə çıxış edib və bu komanda ilə Avropa Liqasının qrupunda oynayıb. Həmçinin “Anji” və “Karşıyaka” klublarında legioner həyatı da yaşayıb. 2004-cü ildən çıxış etməyə başladığı milli komandada 76 oyunda forma geyinmiş və 4 qola imza atmışdı. Ancaq 2000-ci ildə Mahir də Həvəskarlar Liqasında çıxış edib. “Kimyaçı” dağılandan sonra baş məşqçi Sabir Əliyev və digər sumqayıtlı futbolçularla birlikdə yeni yaranmış “Qarabağ” (Xocalı) komandasına keçmiş və bir dövrə bu komandanın heyətində Həvəskarlar Liqasında çıxış etmişdi. 2001-ci ilin yanvarında isə hərbi xidmətə yollanmışdı. Vüqar Nadirov 1987-ci ildə Ağdamda doğulub. Çoxları onu ilk dəfə 2001-ci ildə 14 yaşı olanda “Qarabağ”ın heyətində ölkə kubokunun 1/8 final mərhələsinin “Şiləvar”la keçirilən cavab matçından tanıyır. Həmin vaxt ikinci hissədə meydançaya çıxan Nadirov qol vurmağa da imkan tapmışdı. 2005-ci ilə kimi Ağdam klubunun heyətində 42 matçda forma geyinən Nadirov 9 qola imza atmışdı. Karyerası boyunca “Xəzər Lənkəran”, “Masallı”, “Karvan” klublarında da forma geyinib. Eyni zamanda uzun illər milli komandanın da şərəfini qoruyan Nadirov 56 oyunda meydançaya çıxmış və 4 qola imza atmışdı. Amma elitadan əvvəl Vüqar da Həvəskarlar Liqasında çıxış edib. Mahir Şükürov kimi o da Xocalı “Qarabağ”ında forma geyinib. Belə ki, baş məşqçisi Sabir Əliyev olan bu komandanı o vaxt Vüqarın əmisi Adil Nadirov yaratmışdı. Bu səbəbdən Vüqar da 3 ay bu komandanın formasını geyinmişdi.


Картинки по запросу Fərrux İsmayılov 2016


Ruslan Poladov 1979-cu ildə Sumqayıtda anadan olub. 2001-ci ildə Sumqayıtın “Xəzər” komandasının heyətində I dəstədə debüt edib və həmin komanda ilə yüksək liqaya vəsiqə qazanıb. Daha sonra şəhərin digər komandası olan “Gənclərbirliyi”nə keçib və orada da bir il I dəstədə oynayaraq elitaya vəsiqə qazanıb. 2005-ci ildə “İnter”ə transfer olunub. Daha sonra “Standard”, “Xəzər Lənkəran”, “Simurq”, “Sumqayıt” kimi komandalarda forma geyinib. Hazırda I Divizionda çıxış edən “Qaradağ Lökbatan”In şərəfini qoruyur. Bir dəfə Azərbaycan milli komandasının da formasını geyinib və 2006-cı ildə səfərdə İngiltərəyə qarşı oyunun ikinci hissəsində meydançaya daxil olub. Ruslan da peşəkar karyerasından əvvəl həvəskar kimi futbol oynayıb. Mahir Şükürov və Vüqar Nadirov kimi o da 2000-ci ildə “Qarabağ”ın (Xocalı) formasını geyinib. 2001-ci ildə 3 ay Həvəskarlar Liqasında çıxış edən “Həkəri”nin də heyətində çıxış edib. Emin Quliyev 1977-ci ildə Sabirabadda anadan olub. İlk klubu 16 yaşı olanda yerli “İnşaatçı” olub və bu komanda ilə Azərbaycan çempionatının güclülər dəstəsində oynayıb. Sonra Bakıya gəlib və karyerasının əsas hissəsi başlayıb. Emini futbol azarkeşləri 1999-cu ildən etibarən “Dinamo”dakı çıxışları ilə tanıyıblar. Sonralar ardıcıl olaraq “Kəpəz”, “Neftçi”, “Xəzər Lənkəran”, “Karvan” və “Abşeron” komandalarında oynayıb. Karyreasının ən parlaq dövrü “Neftçi” və “Xəzər Lənkəran”da olub. 2000-08-ci illərdə millinin heyətində 49 matçda forma geyinib və 3 qola imza atıb. Eminin də karyerasında Həvəskarlar Liqası olub. Belə ki, 1995-97-ci illərdə o da Fərrux İsmayılov kimi “Qartal 95”in formasını geyinib.

Layihəni icra etdi Əli HƏYATİ Futbolmedia.Az




 
Bölməyə aid digər xəbərlər
16.12.2017
Altı gəncin əsdirdiyi “Tufan” (LAYİHƏ)
27.11.2017
Kazbek Tuayevi yetişdirən qəsəbənin futbol həyatı (LAYİHƏ)
20.11.2017
Futbol sevgisi olub futbol komandası olmayan Goranboy (LAYİHƏ)
14.11.2017
Sumqayıtın “Uğur“ çubuğu“ (LAYİHƏ)
05.11.2017
Həvəskarlar futbolu acınacaqlı durumda (LAYİHƏ)

Şərh əlavə olunmayıb

Facebook-da
17.12
09:14
PSJ qalib gəldi
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info