Kazbek Tuayevi yetişdirən qəsəbənin futbol həyatı (LAYİHƏ)
Tarix: 27.11.2017 | Saat: 11:23:00 | Oxunub: 1063 | E-mail | Çapa göndər
Картинки по запросу Media komitəsi loqo


AFFA yanında Media Komitəsinin xətti ilə Futbolmedia.az saytı olaraq həvəskarlar futbolu ilə bağlı layihəmiz çərçivəsində noyabr ayı üçün 4-cü yazımızı sizə təqdim edirik. Budəfəki yazımız Bakıdan bir qədər aralıda yerləşən Qaradağ rayonunun Ələt qəsəbəsinin futbol komandasına həsr olunur


Kazbek Tuayevi yetişdirən qəsəbənin futbol həyatı



Futbolmedia.az saytı həvəskarlar futbolundan bəhs edən layihə çərçivəsində növbəti yazısını sizə təqdim edir. Budəfəki yazımız Bakıdan bir qədər aralıda yerləşən Qaradağ rayonunun Ələt qəsəbəsinin futbol komandasına həsr olunur. Ələt qəsəbəsi inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunub. Əslində Qaradağdan əvvəl, yəni 1956-cı ilə qədər Ələt Hacıqabul rayonunun inzibati ərazi vahidliyində olmuş və bu rayona tabe olmuşdu. 1956-cı ildən isə Qaradağ rayonunun tərkibinə qatılmışdı. Hazırda Ələt qəsəbəsinin inzibati ərazi vahidliyinə Şıxlar, Kötəl, Baş-Ələt, Ələt-Körpü və Pirsaat 2 yaşayış məntəqələri daxildir. Qəsəbədə 12500 nəfər əhali yaşayır. Əhalisinin sayının az olmasına baxmayaraq, burada futbolun sevildiyini demək olar. Düzdür, bu dəqiqə elə kənd, elə qəsəbə tapmaq olmaz ki, orda futbolu sevməsinlər, ona maraq göstərməsinlər. Amma onların sırasında elələri var ki, daimi olaraq həvəskar statusunda qalmaq istəmirlər və qarşılarına ciddi hədəflər qoyurlar. Ələt qəsəbəsi də məhz belə qəsəbələrdəndir. Burada bir haşiəyə çıxaraq qeyd edək ki, Azərbaycan futbolunun tanınmış simalarından olan, “Neftçi” ilə 1966-cı ildə SSRİ çempionatının bürünc medallarını qazanan və həmçinin Azərbaycan milli komandasının da baş məşqçisi olmuş Kazbek Tuayev 1940-cı ildə məhz Ələt qəsəbəsində anadan olub. 14 yaşında “Lokomotiv”də başlayan karyera “Neftçi”yə qədər yüksəlib.



Bu gün də ələtlilər Tuayevin adını böyük fəxrlə çəkirlər. Qəsəbəni təmsil edən “Ələt” komandası hazırda Bakı Kəndlər Futbol Federasiyasının Bakı kəndləri və qəsəbələri arasında keçirdiyi çempionatda iştirak edir. Özü də uğurla çıxış edir. Belə ki, yeni strat götürən mövsümün 5 turu geridə qalıb və “Ələt” hazırda 13 xalla çempionatın vahid lideridir. Ələtlilər 5 oyundan dördündə qalib gəlmiş,yalnız birində heç-heçə edib. Rəqib qapılarından 36 top keçirdikləri halda öz qapılarından cəmi 2 qol buraxıblar. Bakı kənd və qəsəbələrinin çempionatı payız-yaz sistemi ilə keçirilir. Oyunlar sentyabrın sonu, oktyabrın əvvəli start götürüb may ayında başa çatır. 2017-18-ci il mövsümündə 10 komanda mübarizə aparır. Bunlar “Ələt”, “Bayıl Rovers”, “Çermet”, “Qobustan”, “Suraxanı”, “Mübariz”, “Mərdəkan Bələdiyyəsi”, “Şimal Dress”, “Slavyan” və “Olimpik Şüvəlan” komandalarıdı. Qeyd etdiyimiz kimi, 5 turdan sonra turnir cədvəlinə “Ələt” komandası başçılıq edir. Komandanın futbolçusu Şamxal Məlikov isə hazırda 10 qolla çempionatın vahid bombardiridir. Məhz bu səbəbdən bu dəfəki yazımızı bu komandaya həsr eləmək qərarına gəldik. Həmsöhbətimiz isə komandanın təsisçisi Ayaz Məmmədzadə oldu. Ondan həm komanda, həm də ümumi olaraq qəsəbənin futbol həyatı haqda məlumat aldıq. Öncə “Ələt”in yaranma tarixindən başladıq: “Ələt” komandası 1997-ci ildə təsis olunub. İlk günlərdən hədəf peşəkar yox, həvəskar fəaliyyət olub. Yəni qəsəbədə futbol həvəskarı olan bir qrup uşaq öz aralarında komanda yaradaraq müxtəlif yarışlarda oynamağa başlayıb. Komanda bəzi turnirlərdə “Ələt”, bəzi turnirlərdə isə “Ələt Bələdiyyəsi” adı ilə iştirak edib. Onu da deyək ki, 2017-ci ilə kimi komanda rəsmi olaraq heç bir qurumda qeydiyyatdan keçməyib. Yalnız 2017-ci ildə məhz Ayaz Məmmədzadənin təşəbbüsü ilə “Ələt” FK müvafiq qeydiyyat orqanından hüququ şəxs kimi qeydiyyatdan keçib və müvafiq rəsmi sənədlər əldə edib. Məhz bundan sonra komanda qarşısısına daha peşəkar tələblər qoyub və bu yolda addımlamağa qərar verib. Hazırda komandada 25-30 nəfərlik heyət var. Bu mövsüm Bakı kənd və qəsəbələri çempionatında oynamaqda məqsəd daha da püxtələşməyə hesablanıb. Həm də rəhbərlik gələcək peşəkar klubun bünövrəsini qoymaqla məşğuldur. Təsadüfi deyil ki, həvəskar komanda olsa da “Ələt”in uşaq komandası da yaradılıb və bura qəsəbənin azyaşlı istedadlı uşaqları cəlb olunub. Bunun üçün qəsəbədə yerləşən 110 saylı məktəbin rəhbərliyi ilə danışılıb və oranın süni örtüklü meydançasından icarə qaydasında istifadə olunur Həmsöhbətimiz bildirdi ki, Ələtdə əhali az olsa da futbola böyük maraq və sevgi var. Elə bu komandanı da peşəkar şəkildə qurmaq ideyası ortaya çıxanda qəsəbə sakinlərindən böyük dəstək olub. Onlar daim komandanın yanında olur, oyunlara gəlib dəstəkləyirlər. Məmmədzadənin sözlərinə görə, “Ələt”in ev oyunlarında kifayət qədər azarkeş olur. Stadiondan söz düşmüşkən, bu barədə əməlli-başlı problem var. Çünki Ələtdə futbol oynamaq üçün normal stadion yoxdur. Klub bu gün peşəkar planlar qurur, gələcəkdə hətta I Divizionda oynamaq istəyi də var.



Amma bildiyiniz kimi, bunun üçün lisenziya almaq lazmdır ki, onun da əsas şərtlərindən biri məhz stadiondur. Az öncə azyaşlı uşaqların 110 saylı məktəbin süni meydançasında məşq etdiyini yazdıq. Klub rəsmisi bildirdi ki, elə əsas komanda da məşqlərini həmin məktəbin meydançasında keçir. 2-4-6-cı günlər olmaqla həftədə 3 dəfə. Amma çempionatdakı ev oyunlarını qəsəbənin stadionunda keçirirlər. Daha doğrusu, stadion yox, buna meydança deyək. Heç bir tribunası olmayan, dörd tərəfi düzəngah olan torpaq meydança. Komanda üzvləri oyun qabağı bu meydançanı oyuna hazırlayır, qapının torunu çəkib əhənglə xəttləri çəkirlər. Burada isə ancaq yay aylarında oynamaq mümkündür. Elə ki, payız gəldi, yağışlar başladı, “Ələt”in də problemləri başlayır. Çünki yağış yağan zaman torpaq meydança palçığa çevirilir və burada futbol oynamaq mümkünsüz olur. Odur ki, ev oyunları olan həftə bütün klub üzvləri Allaha yalvarır ki, oyun günü Ələtə yağış yağmasın. Bu mövsüm komanda ilk ev matçını Mərdəkandakı “Dalğa Arena”nın ehtiyat meydançasında keçib. Amma maliyyə baxımından hər dəfə orda oynamaq da sərf eləmir. Lakin Ayaz bəy bildirdi ki, artıq stadion məsələsi ilə bağlı müvafiq şəraitin yaradılması üçün aidiyyatı qurumlara müraciət olunub və bu yöndə danışıqlar aparılır. Ümid var ki, danışıqların və müraciətin yekunu olaraq, Ələtdə də normal stadion olacaq. Həmsöhbətimizdən komandanın maliyyəsi haqda da soruşduq. Çünki həvəskar şəkildə osla belə, komanda saxlamaq üçün müəyyən xərclər lazımdır. Top, forma, inventar, səfər xərcləri, səfər zamanı qidalanma və s. Söhbət zamanı məlum oldu ki, bu məsələdə komandaya dəstək olan şəxslər var. Məsələn, forma və topların alınmasında “Port of Baku”, “Baxçalı evlər”, eləcə də İntelekt və Uşaq Psixologiyası Mərkəzi komandaya öz köməyini göstərib. İnventarların alınması və nəqliyyat xərcləri isə daxili imkanlar hesabına ödənilir. Bundan başqa, qəsəbə sakinləri də bu tip məsələlərdə öz köməkliklərini əsirgəmirlər. Ancaq təbii ki, komandaya rəsmi hansısa tərəfdaş, sponsor mütləq lazımdır və komanda bu məsələdə bütün təkliflərə açıqdır. Maliyyədən söz düşmüşkən, onu da öyrəndik ki, futbolçulara maaş və mükafat verilmir. Onlar sırf həvəskar formada çıxış edirlər. Ayaz bəydən hazırda mübarizə apardıqları çempionatın səviyyəsi haqda da soruşduq. Məlum oldu ki, kənd və qəsəbələrin çempionatı olsa da oyunlara maraq böyük olur. Hətta bu maraq günü-gündən artır. Həmsöhbətimiz burada sosial şəbəkələrin və mətbuatın da rolunu xüsusi qeyd etdi. Çünki məhz sosial şəbəkədə verilən elanlar, gedən müzakirələr oyunlara marağı daha da artırır və daha çox azarkeşin gəlişini təmin edir. Mətbuatda gedən hansısa yazı, xəbər də komandaları bir başqa motivasiya edir.




Onu da öyrəndik ki, hazırkı mövsum ötən mövsümlərlə müqayisədə daha ciddi və məsuliyyətli keçirilir. BKFF-nın tələbi ilə bütün oyunlarda stadionlarda polis nümayəndələri və tibbi personal olur. Bütün bunların təşkilində göstərdiyi köməyə görə, həmsöhbətimiz BKFF-nin prezidenti Vaqif Davudova və Prezident Administrasiyasının Gənclər Siyasəti və İdman Məsələləri üzrə İdarəsinin rəhbərliyinə, Gənclər və İdman Nazirliyinə öz təşəkkürünü çatdırdı. Komandanın 1997-ci ildə yarandığını və 20 ildir ki, həvəskar səviyyəli mxtəlif turnirlərdə oynadığını qeyd etdik. Amma maraqlıdır ki, bu qədər uzun müddət oynamasına baxmayaraq, komandanın uğurları son iki ilə təsadüf edir. Belə ki, “Ələt” 2015-16-cı il mövsümündə Bakı Kənd və Qəsəbələrinin çempionatında 2-ci pilləni tutub.2016-17-ci il mövsümündə isə nəticə bir qədər zəifləyib və ələtlilər mövsümü 4-cü pillədə tamamlayıb. Hazırda davam edən 2017-18-ci il mövsümündə isə qeyd etdiyimiz kimi, komanda hazırda çempionatın vahid lideridir. Elə çempionluğa da əsas namizəd məhz “Ələt” sayılır. Amma bu, elə də asan olmayacaq. Çünki çempionatda “Ələt”in “Bayıl Rovers”, “Çermet”, “Qobustan” kimi güclü rəqibləri var. Elə bu səbəbdən də dövrələrarası fasilə müddətində rəhbərlik heyəti bir qədər də gücləndirməyi düşünür. Bunun üçün digər komandalarda öz oyunu ilə diqqət çəkən bir neçə futbolçuya qış fasiləsində “Ələt”ə keçmək təklif olunacaq. Klub rəhbərindən yerli icra orqanlarının komanda ilə maraqlanıb-maraqlanmaması haqda da soruşduq. Məmmədzadə bildirdi ki, bununla bağlı da müraciətlər olunub. Yəni komandaya maddi dəstəklə bağlı. Hazırda da məsələ ilə bağlı danışılqrav gedir və xoş sonluğa ümid var. Sonda qeyd edək ki, “Ələt” Qaradağ rayonunda rəsmi olaraq komanda kimi qeydiyyatdan keçən ikinci komandadır. Onlardan əvvəl “Qaradağ Lökbatan” klub kimi qeydiyyatdan keçib və hazırda I Divizionda çıxış edir. “Ələt”in də əsas məqsədi odur ki, yaxın zamanlarda “Qaradağ Lökbatan”a rəqib olacaq səviyyədə komanda formalaşdırsınlar. O zaman hər kəs üçün Qaradağ derbisini izləmək çox maraqlı olardı.

Layihəni icra etdi Əli HƏYATİ




 
Bölməyə aid digər xəbərlər
26.12.2017
17 ildən sonrakı qayıdış: “Səhliyalı”ya kömək lazımdır (LAYİHƏ)
23.12.2017
Quba “Şahdağ”ın keçmişi və hazırki durumu (LAYİHƏ)
16.12.2017
Altı gəncin əsdirdiyi “Tufan” (LAYİHƏ)
05.12.2017
Həvəskarlar Liqasında milli komandaya yüksələnlər (LAYİHƏ)
20.11.2017
Futbol sevgisi olub futbol komandası olmayan Goranboy (LAYİHƏ)

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info