Futbol sevgisi olub futbol komandası olmayan Goranboy (LAYİHƏ)
Tarix: 20.11.2017 | Saat: 09:21:00 | Oxunub: 487 | E-mail | Çapa göndər
Картинки по запросу Media komitəsi loqo




AFFA yanında Media Komitəsinin xətti ilə Futbolmedia.az saytı olaraq həvəskarlar futbolu ilə bağlı layihəmiz çərçivəsində noyabr ayı üçün 3-ci yazımızı sizə təqdim edirik. Bu dəfəki yazımız Həvəskarlar Liqasının son qalibi Sumqayıtın “Uğur” komandasına həsr olunur.
Futbolmedia.az saytının həvəskar futbolla bağlı layihəsi çərçivəsində növbəti yazımızı Goranboy rayonunun futboluna həsr etmişik. Goranboy rayonu deyəndə ağla ilk gələn döyüş bölgəsi, cəbhə xətti olur. Xüsusilə də Tap Qaraqoyunlu kəndinin adı ötən ilin aprel döyüşlərinə kimi dillərdən düşmürdü. Az qala hər gün efirlərdən bu kəndin düşmən mövqelərindən atəşə tutulduğuna dair xəbərlər eşidirdik. 2016-cı ilin aprel döyüşlərindən sonra “Azərbaycan ordusunun Lələ Təpə və başqa bir sıra mühüm yüksəklikləri ələ keçirməsi nəticəsində Tap Qaraqoyunlu da atəş xəttindən çıxmış oldu. Goranboy Azərbaycan SSR Mərkəzi icraiyyə komitəsinin 8 avqust 1930-cu il tarixli Qərarı ilə Respublikanın inzibati ərazi bölgüsü olmaqla inzibati rayon kimi yaradılmışdır. Həmçinin həmin il, icraiyyə komitəsinin 477 №-li qərarı ilə rayonun tarixi torpaqları hesabına rayonun Gülüstan ərazisi də daxil olmaqla, Yuxarı və Aşağı Ağcakənd ərazisində Aşağı Ağcakənd rayonu da yaradılmışdır. 1938-ci il 8 sentyabr tarixində icraiyyə komitəsinin növbəti Qərarı ilə Goranboy rayonun tarixi adı dəyişdirilərək Qasım İsmayılov, Aşağı Ağcakənd adı isə Şaumyan rayonu adlandırılmışdır. Azərbaycan Respublikası Ali sovetinin qərarı ilə 1991-ci il 12 fevral tarixli eyni ərazidə iki rayonun mövcudluğu lüzumsuz hesab edilərək Şaumyan rayonu ləğv edilmiş, Goranboyun öz tarixi torpaqları və tarixi adı özünə qaytarılmışdır. «Goranboy» sözünün özünü alimlər müxtəlif cür izah edirlər. Bəzi tarixçilər toponimin «Goran» və «boy» sözlərindən əmələ gəldiyini ehtimal edir. «Goran» sözünün kökü olan Gor (qor) sözünün od, odlar yurdu, «boy» sözünün nəsil, qəbilə mənalarında işləndiyini bildirirlər. Ərazisi 1791 kv. Km, əhalisi 102 min nəfərdi. Futboldan uzaq deyillər Goranboy futbol rayonu sayılmır. Bəlkə də desək bu rayonda mövcud olmuş hansısa komandanın və ya bu rayondan çıxmış hansısa futbolçunun adını çəkin, hər kəs duruxub qalacaq. Rayonda güləş daha məşhur idman növü sayılır və bu idman növü ilə məşğul olanlar daha çoxdur. Amma goranboylular futboldan da uzaq deyillər. Layihə çərçivəsində araşdırma apararkən məlum oldu ki, Goranboyda futbolu heç də güləşdən az sevmirlər. Rayonda, onun kəndlərində futbolla məşğul olan kifayət qədər insan var. Hətta öyrəndik ki, hər il bir sıra kəndlər öz aralarında çempionat da təşkil edir.




Bu oyunlara isə çox böyük maraq olur. Hətta oyundan sonra müzakirələr social şəbəkədə də günlərcə davam edir. Qışa yaya baxmayan Qızıl Hacılı Goranboyun kəndləri arasında futbola böyük marağı olanlar sırasında Qızılhacılının adını xüsuisi çəkmək olar. Qızıl Hacılı rayonun böyük kəndlərindən sayılır. Hətta bura kənd yox, qəsəbə demək daha doğru olar. Təsadüfi deyil ki, hələ 1991-ci ildə Qızılhacılı kəndi şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş və Qızılhacılı kənd Soveti ləğv edilərək Qızılhacılı şəhər tipli qəsəbəsi mərkəz olmaqla Qızılhacılı qəsəbə Soveti yaradılmışdı. Kəndin öz stadionu və komandası var. Kənd uşaqlarından formalaşmış komanda mütəmaddi olaraq məşq edir və qonşu kəndlərin komandaları ilə yoldaşlıq görüşləri keçirir. Bu kəndi ona görə fərqləndirdik ki, burada qışın ən oğlan çağında da futbolu təxirə salmırlar. Son illərə qədər kəndin stadionu da yaxşı vəziyyətdə olub. Bizə verilən məlumata görə, stadiuonda gözəl örtük də mövcud idi. Kənd camaatı da öz stadionlarına bacardıqları qədər yaxşı baxmağa çalışırdılar. Stadiona əl gəzdirmək, heç olmasa kiçik də olsa, tribuna tikmək üçün kənd və rayon rəhbərliyinə müraciət olunsa da müraciət cavabsız qalıb. Bunun bir problem də ondadır ki, stadion yerləşən ərazi faktiki heç bir qurumun balansında deyil. Açıq havada bir ərazi kimi qalıb. Kənd camaatı ota qulluq edir, meydançanı xətləyirdi. Ancaq razılaşaq ki, stadion saxlamaq kənd camaatının işi deyil. Bunun qışı var, payızı, yağışı, qarı var. Odur ki, işə rayon səviyyəsində də dəstək olmalı idi. Təəssüf ki, bu dəstək olmadığı üçün sözügedən stadion get-gedə əvvəlki gözəlliyini itirir. Hətta deyərdik ki, hazırda ot örtüyü də ideal sayıla bilməz. Təsadüfi deyil ki, meydançanın baxımsız olması burda futbol oynayanların da sayına təsir edib. Əvvəlki illərdə daha çox insanın futbol oynadığı stadionda indi ancaq fanatik futbolsevərlər futbol oynayır. İnfrastruktur var, amma… Goranboy futbol rayonu olmasa da futbol infrastrukturu var. Az öncə qeyd etdiyimiz kimi, hətta kəndlərdə də stadionlar var. Qızılhacılı kəndinin adını çəkdik. Bundan başqa, Nadirkənd kəndindəki stadiondan da zaman-zaman futbol oyunları üçün istifadə olunur. Burada hətta rayon səviyyəsində də idman tədbirləri keçirilir. Düzdür, burda hansısa ideal qazondan danışmaq olmaz. Amma yerləşmə mövqeyi elədir ki, əl gəzdirilsə burada kiçik stadion da tikmək olar. Ən azı həvəskar səviyyədə futbol yarışlarını yüksək səviyyədə keçirmək olar. Rayonda bir neçə il bundan qabaq məhəlı daxili mini meydança da salınmışdı. Buranın xidmətindən çoxsaylı futbolsevər istifadə edirdi. Rayonun uşaq komandaları da bu stadionun xidmətindən istifadə edirdi. Lakin təəsüf ki, baxımsızlıq ucbatından bu mini meydança da get-gedə sıradan çıxır. Həm süni örtük yeyilir, həm də ətraf ərazi baxımsızlığın qurbanı olur. Rayonun mərkəzi stadionu haqda isə xüsusi söhbət açmaq istəyirik. Bura yeni istifadəyə veriləndə futbol oynamaq üçün bütün şəraitə malik idi. Təsadüfi deyil ki, stadionun açılışında ölkə başçısı İlham Əliyev də iştirak etmişdi. Bİr tribuna və 1000 nəfərlik tamaşaçı tutumuna malik arena təbii ot örtüklüdür. Meydançada qapı arxası ərazilərdə kifayət qədər boş yerin olması gələcəkdə tutumun artırılmasına da şərait yaradır. Lakin çox böyük təəssüflə qeyd etməliyik ki, bu cür stadion hazırda faktiki boş qalıb. Çünki rayonun komandası olmadığı üçün stadion da böyük futbola həsrətdir. Daha bir təəsüf doğuran məqam isə stadionla bağlı bu yaxınlarda yaranmış qalmaqal oldu. Mətbuatda yayılan məlumatlara görə, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev özünə Naftalanda sanatoriya inşa elətdirir. İnşaatda lazım olan tikinti materiallarını isə məhs Goranboy stadionundan sökülərək ora aparılır. Təbii ki, əgər yayılan məlumatlar həqiqətdirsə, o zaman bu, dövlətə həm maddi, həm də mənəvi ziyan deməkdir. Bu addım həm də gənclərin sağlam inkişafının qarşısını alır. Halbuki, Goranboyun icra başçısı prezidentin açılışını etdiyi stadionun boş qalmaması üçün rayonda futbol komandasının yaradılmasına təşəbbüs göstərməlidir ki, həmin tribunalar da hər oyun dolu olsun.



“Region Liqaı”nda oynamaq istəyirlər, amma sponsor yoxdur Qeyd etdiyimiz kimi, rayon peşəkar futbol komandası olmayıb. Amma uşaq futbolunun olduğunu deməliyik. Yerli UGİM-in futbol komandası AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupundan ibarət ölkə çempionatında çıxış edir. Çətinliklər çoxdur. AFFA kömək etmədiyi üçün bütün yük rayon gənclər və idman idarəsinin və eləcə də valideynlərin üzərinə düşür. Toplar və inventarlar da köhnəlib. Təbii ki, belə vəziyyətdə yüksək nəticədən danışmaq olmaz. Sonda bir maraqlı məlumatı da diqqətinizə çatdıraq ki, rayonda bu il yeni futbol komandası təsis olunub. Komanda elə rayonun adına uyğun olaraq “Goranboy” adlanır.Komandanı bir qrup yerli futbolsevər yaradıb. Komanda ilkin olaraq Həvəskarlar Liqasında mübarizə aparmaq istəyib. Lakin həm sponsor tapa bilmədikləri, həm də yeni yaranan “Region Liqası”nda iştirak etmək istədiklərindən bir qədər gözləməyi lazım biliblər. İlkin mərhələdə rayonda ən yaxşı futbol oynamağı bacaran uşaqlar bir araya gətirilib. Onlar intensiv şəkildə məşq etməklə formada qalmağa çalışırlar. Məşqlər adətən rayon stadionunda və yaxın kəndlərin meydançalarında aparılır. Onu da deyək ki, şərait yüksək səviyyədə deyil. Məsələn, komanda məşqdən sonra yuyunmağa su tapmır. Daha yaxşı şəraitdə məşq etmək üçün mütləq maliyyə xərcləməlisən. Bizdə olan məlumata görə, komanda maddi dəstək üçün yerli icra hakimiyyətinə müaciət etsə də müsbət cavab ala bilməyib.



Bundan sonra “Goranboy”un yaradıcıları sponsor axtarışına çıxıb. Əlləri çatan, ümanları yetən və ağılları kəsən hər kəsə müraciət ünvanlayıblar. Belə şirkətlərdən biri də ölkənin böyük mobil şirkətlərindən sayılan “Bakcell” olub. Komanda rəhbərliyi sözügedən şirkətə müraciət edərək onlara sponsorluq etməyi xahiş edib. Bizə verilən məlumata görə, şirkətdən onlara deyilib ki, məsələ ilə bağlı yaxın günlərdə komandaya cavab deyiləcək. Əgər cavab müsbət olsa, o zaman “Goranboy” dekabrın əvvəllərində start götürəcəyi gözlənilən “Region Liqası”nda oynamaq üçün sənədlərini AFFA-ya təqdim edəcək. Komandanın artıq loqosu da təsdiqlənib. Rəhbərlik iki cür geyim dəsti sifariş verməyi düşünür ki, əsas geyim dəstinin də yaşıl-ağ olacağı gözlənilir. Bundan başqa, sponsor məsələsi müsbət həll olunda komanda rayon stadionu ilə müqavilə bağlamağı düşünür. Ancaq onu da öyrəndik ki, rayon rəhbərliyi komanda “Region Liqası”nda oynayacağı təqdirdə stadionla bağlı məsələdə onlara güzəşt edəcəyinə söz verib. Yəni, maddi baxımdan dəstək ola bilməsələr də stadiondan təmənnasız istifadəyə icarə verəcəklər. Hər halda, biz də ümid edək ki, hər şey yaxşı olacaq və “Goranboy”u “Region Liqası”nda görəcəyik.

Layihəni icra etdi Əli HƏYATİ Futbolmedia.Az




 
Bölməyə aid digər xəbərlər
26.12.2017
17 ildən sonrakı qayıdış: “Səhliyalı”ya kömək lazımdır (LAYİHƏ)
23.12.2017
Quba “Şahdağ”ın keçmişi və hazırki durumu (LAYİHƏ)
16.12.2017
Altı gəncin əsdirdiyi “Tufan” (LAYİHƏ)
05.12.2017
Həvəskarlar Liqasında milli komandaya yüksələnlər (LAYİHƏ)
27.11.2017
Kazbek Tuayevi yetişdirən qəsəbənin futbol həyatı (LAYİHƏ)

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info