Sumqayıtın “Uğur“ çubuğu“ (LAYİHƏ)
Tarix: 14.11.2017 | Saat: 09:13:00 | Oxunub: 792 | E-mail | Çapa göndər
Картинки по запросу Media komitəsi loqo


AFFA yanında Media Komitəsinin xətti ilə Futbolmedia.az saytı olaraq həvəskarlar futbolu ilə bağlı layihəmiz çərçivəsində noyabr ayı üçün 2-ci yazımızı sizə təqdim edirik. Bu dəfəki yazımız Həvəskarlar Liqasının son qalibi Sumqayıtın “Uğur” komandasına həsr olunur.



Sumqayıt öz futbol ənənələri ilə daim seçilib və öncüllərdən olub. Hətta bir dönəm olub ki, bu şəhərin futbol məktəbi milli komandaların baza rolunu oynayıb. Bu şəhərdən zaman-zaman güclü futbolçular çıxıb: Nazim Süleymanov, Arif Əsədov, Mehman Yunusov, Kamal Quliyev, İsmayıl Məmmədov, Aqil Məmmədov, Mahir Şükürov və s. Burada hər məhəllədə istedadlı futbolçu tapmaq mümkündür. Hazırda şəhərin Premyer Liqadakı tək təmsilçisi “Sumqayıt”dır. “Sumqayıt”dan qabaq isə burada “Standard”, “Gənclərbirliyi” və “Xəzər” kimi komandalar olub. Təbii ki, şəhərin ən tanınmış və sevilən klubu da iki dəfə bürünc medalları qazanmış “Xəzər” olub. Hansı ki, günü bu gün də həmin “Xəzər”in nə zamansa geri dönəcəyini gözləyən sumqayıtlılar var.




“Gənclərbirliyi” də öz oyun dəsti-xətti, legionerləri ilə yaddaşlarda həkk olmağı bacardı. Bu komandanın da vaxtında Mehdi Hüseynzadə adına stadionun tribunalarında yetərincə azarkeş görmək mümkün idi. “Standard” isə Bakıdan Sumqayıta köçmüşdü və cəmi bir mövsüm bu şəhəri təmsil elədi və elitada yerini qoruya bilməyərək I Diviziona yollandı.




“Uğur” komandası isə yeni yaranmış komandadır, bir yaşını bu il qeyd edib. Amma çox maraqlıdır ki, bir yaşında artıq titul qazana bilib. Qeyd etdiyimiz kimi, 2016-17-ci il Həvəskarlar Liqasının qalibi adını qazandılar. Özü də maraqlıdır ki, onlar bu adı mövsümü məğlubiyyətsiz başa vuraraq qazandılar. Yəni mövsüm ərzində keçirdikləri çempionat oyunlarının heç birincə məğlub olmadılar. Komanda finalda “Qaraçuxur”u üstələdi – 2:1. Titul tək bununla yekunlaşmadı. Sumqayıt təmsilçisi çempionatla yanaşı, həvəskarlar arasında keçirilən ölkə kubokunun da qalibi adını qazandı. “Uğur” finalda “Masallı”nı məğlub etməyi bacardı. Təsadüfi deyil ki, mövsüm başa çatandan sonra komandanın əksər üzvləri I Divizion klublarından sərfəli təkliflər aldılar və bir üst liqaya yollandılar. Hazırda isə bu komanda yeni yaranan “Region Liqası”na hazırlaşır. Əldə etdiyimiz məlumata görə, artıq məsələ ilə bağlı AFFA-ya müraciət də olunub. Təbii ki, cəmi bir il ərzində bu cür uğurlar qazanan və hamının diqqətini çəkən bu komanda həvəskarlar futbolundan layihə yazan bir saytın diqqətindən kənar qala bilməzdi.



“Uğur” komandası 2016-cı ildə yaradılıb. Komandanın prezidenti Vasif Maşayev, baş məşqçisi isə Qəzənfər Abbasovdur. Maşayev komandanı maliyyələşdirən yeganə şəxsdir. Başqa hansısa sponsor və maddi dəstək yoxdur. Belə deyək, “Uğur” bir şəxsin çiyinləri üzərində ayaqda durur. Sən demə “Uğur”u təsis edərkən Maşayevin niyəti uşaq futbolu qurmaq idi. Hətta 4 yaş qrupundan ibarət uşaq komandası təsis edib AFFA-nın bayrağı altında keçirilən ölkə çempionatına da qatılıblar. Lakin qısa müddət sonra qərara alınıb ki, sumqayıtlı futbolçulardan ibarət böyüklərdən ibarət də komanda yaradılsın və Həvəskarlar Liqasında çıxış etsin. Bu qərar qəbul olunandan sonra baş məşqçi Qəzənfər Abbasov qısa zamanda heyət toplamalı oldu və bu işin öhdəsindən də gəldi. Heyətə cəlb olunan futbolçular arasında elita təcrübəsi olanlar da var idi. Məsələn bir vaxtlar Sumqayıtın “Gənclərbirliyi” komandasında forma geyinmiş Emil Paşayevi yəqin ki, xatırlayanlar var. Komandada yer alan təcrübəli futbolçulardan biri məhz Paşayev idi.
Digər təcrübəli isə bir vaxtlar “Şəfa”, “Gənclərbirliyi”, eləcə də U-21 millisində çıxış etmiş Rəşad Muradov idi. Qəzənfər Abbasov onun da təcrübəsindən yararlanmağı məqbul saymışdı.
Daha sonra komanda ev oyunları keçirmək üçün stadion seçməli idi. Sumqayıtda bunun üçün 3 böyük stadion var idi: Mehdi Hüseynzadə, “İnşaatçı” və “Kapital Bank Arena”. “Uğur” şəhərin baş arenasını seçdi. Həm məşqlərini həm də ev oyunlarını 15350 nəfərlik arenada keçirməyə başladı. “Uğur” Həvəskarlar Liqasında çıxış etsə də təşkilatlanma baxımından əksər I Divizion klublarından üstündür. Hətta əksər yox, böyük əksəriyyət desək, daha doğru olar. Məsələn, ötən mövsüm I Divizionda elə klublar mübarizə aparırdı ki, heç həkimi də yox idi. Lakin “Uğur”un 4 nəfərlik məşqçilər korpusu, inzibatçısı və həkimi var. Bundan başqa, komandanın hər fəslə uyğun seçilmiş 4 cür geyim dəsti var. Özü də bütün geyimlər, eləcə də inventarlar və toplar Türkiyədən sifariş verilib. Cəmi bir yaşı olmasına baxmayaraq “Uğur” özünə azarkeş də toplaya bilib. Maşayevdən aldığımız məlumata görə, yaxın zamanlarda təşkilatlanma ilə bağlı daha ciddi planları var: “Komandanın öz fan klubu yaradılıb. Onlar səfərdə də bizə dəstək olurlar. Bayraqlarımız, müxtəlif atributlarımız varı. Düzdür, Sumqayıtın Premyer Liqada “Sumqayıt” kimi təmsilçisi var. Yəni şəhərin futbol həvəskarlarının çoxu bu komandaya azarkeşlik edir. Amma bu tip məsələlər bizi narahat etmir. Futbol elə şeydir ki, zorla kiməsə klub sevdirmək olmaz. Azarkeş özü azarkeşlik edəcəyi klubu seçməlidir. Klubun işi öz oyunu ilə azarkeşləri cəlb etməkdir. Biz də çalışacağıq ki, öz oyunumuzla ətrafımıza daha böyük azarkeş kütləsi yığaq. Həvəskarlar Liqasında oynasaq da işimizi peşəkar səviyyədə qururuq. Komandamızın rəsmi saytını da açmağı düşünürül və bunun üzərində iş gedir. 1-2 ilin komandası olmaq istəmirik, istəyirik ki, uzun müddətli strategiyası olan klubumuz olsun”.

Klub prezidentinin sözlərinə görə, yeni mövsümdən futbolçulara maaş da veriləcək. Amma ötən mövsümün maaşsız olması o demək deyil ki, “Uğur” futbolçuları pulsuz qalıb. Xeyr, Maşayev hər qələbəyə görə, komanda üzvlərinə şəxsi vəsaiti hesabına mükafat ayırıb. Yeni mövsümdən isə maaş sisteminə keçiləcək. Komandanın hədəfi daha bir mövsüm tam formalaşıb gələn ildən I Divizionda çıxış etməkdir: “I Diviziona tam hazır getmək lazımdır. İştirak xatirinə gedib 1 ildən sonra dağılmaqdansa hazır olana kimi elə Həvəskarlar Liqasında oynamaq məsləhətdir. Bildiyimiz kimi, bu mövsümdən I Divizionda şərtlər də sərtləşdirilib, tələblər böyüyüb. Bu tələblərə əməl etmək lazımdır. İnanıram ki, qısa zamanda bunu da bacaracağıq”.

Onu da öyrəndik ki, komandanın bu il I Divizionda oynamaqdan imtinasından başqa bir səbəb də var. Bildiyiniz kimi, hər iki ildən bir öz ölkəsinin həvəskarlar liqasının qalibi olan komandalar ölkələrini Avropada təmsil etmək hüququ qazanırlar. “Uğur” bu il çempion olsa da Avropaya gedə bilmədi. Çünki reqlamentə görə, bu vəsiqə 2017-18-ci il mövsümünün qalibinə veriləcək. Odur ki, Sumqayıt təmsilçisi həm də bu səbəbdən daha bir il həvəskarların arasında keçirmək istəyir. Yəni bu il də Həvəskarlar Liqasında oynayıb qalib adını qazanıb Avropaya yollanmağı hədəfləyiblər. Düzdür, “Region Liqası”nın təsis olunması komandanın planlarını müəyyən qədər qarışdırdı. Çünki PFL prezidenti Ramin Musayevin yeni liqanın qalibinə 40 min manat mükafat veriləcəyini deməsi əksər komandalar kimi, “Uğur”u da həvəsləndirdi və onlar sənədlərini məhs bu liqaya təqdim etməyi düşündülər. Amma bir məsələ də var ki, sonradan mükafat fondunun 40 min yox, 10 min manat olduğu məlum oldu. Bu isə şübhəsiz ki, çox komandanın üzrəyincə olmadı. Hazırda “Uğur” da “Region Liqası” və Həvəskarlar Liqasında oynayacağı ilə bağlı tam olaraq qərar verməyib. Amma harada oynamasından asılı olmayaraq qarşıya çempionluq məqsədi qoyulacağı dəqiqdir.




Komandanın baş məşqçisi, bütün bu uğurların memarı olan Qəzənfər Abbasova da söz verməyə bilməzdik. 34 yaşlı məşqçi üçün ötən mövsüm qazanılanlar bir ilk olub. Çünki Abbasov bir müddətdir uşaq futbolunda çalışsa da böyük futbolda ilk işi məhz “Uğur”la olub. Lakin qeyd etdiyimiz kimi, debüt ilindəcə həm çempion olub həm də kuboka sahib çıxmağı bacardı: “Çətin mövsüm oldu. Çünki çempionatda güclü rəqiblərimiz var idi. Lakin biz daha güclü olduğumuzu sühut edə bildik. Həm çempionatda, həm də kubokda qalib adını qazanmaqla “qızıl dubl” etdik. Düşünürəm ki, həm mənim, həm də cəmi bir ildir yaranmış komanda üçün böyük uğurdu. Təsadüfi deyil ki, çempion olandan sonra heyətimizi qoruya bilmədik. “Zaqatala”, “Sabah”, “Binə” kimi I Divizion klubları bizim futbolçuları öz heyətlərinə cəlb etdi. Təbii ki, belə vəziyyətdə kiminsə qabağında şərt qoymaq da düz olmazdı. Hansısa futboçuya daha sərfəli təkligf gəlirsə, onu dəyərləndirməlidir. Bilirdik ki, onsuz da yeni komanda yığmalıyıq. Onu da bilirik ki, yeni mövsümdə bizim üçün ikiqat çətin olacaq. Çünki ilk mövsümdə yeni olduğumuzdan çox komanda ciddiyə almırdı. Lakin indi onlar çempiona qarşı oynayacaqları üçün ikiqat artıq güc sərf edəcəklər ki, bu da bizə əlavə çətinlik yaradacaq”.
Söhbət zamanı məlum oldu ki, Abbasovun “C” kateqoriyası var. Növbəti ildən “B” kateqoriyasını da oxumağa gedəcək. Bundan başqa, “Uğur”un bir klub kimi formalaşması üzərində də iş gedir. Rəhbərlik əsas komanda ilə paralel olaraqv 5 aşağı yaş qrupundan ibarət komanda saxlamağı da düşünür. Daha doğrusu, həmin komandalar artıq AFFA-nın bayrağı altında keçirilən ölkə çempionatının Şimal zonasında mübarizə aparır. Bu arada, böyüklər kimi, kiçiklərin də uğurlareı yox deyil. Məsələn ötən il “Uğur”un uşaq komandası Lənkəranda keçirilən “Zirvə” turnirinin də qalibi olub.

Layihəni icra etdi Futbolmedia.az




 
Bölməyə aid digər xəbərlər
20.11.2017
Futbol sevgisi olub futbol komandası olmayan Goranboy (LAYİHƏ)
05.11.2017
Həvəskarlar futbolu acınacaqlı durumda (LAYİHƏ)
27.10.2017
AHFF-nın baş katibi Füzuli Nəcəfov:“Həvəskarlar Liqasında ən böyük problem stadionun olmamasıdır“ (LAYİHƏ)
22.10.2017
Həvəskarlar futbolu və Bərdə komandasında hazırki durum (LAYİHƏ)
27.09.2017
Uşaq liqaları U-14, U-16, U-17 (LAYİHƏ)

Şərh əlavə olunmayıb

Facebook-da
23.11
14:00
Maksim Medvedev:
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info