“Sifariş”lə işləyən hakim Əliyar Ağayev (YAZI)
Tarix: 18.12.2015 | Saat: 12:35:00 | Oxunub: 593 | E-mail | Çapa göndər
“Sifariş”lə işləyən hakim

Əliyar Ağayevi yəqin ki, hamınız tanıyırsınız. Futbol sektoruna daxil olan insanları nəzərdə tuturam. FİFA referisidir. Hətta AFFA iddia eləyir ki, Avropada bu adı almış ən gənc hakimlərdəndir. Ötən həftə Avropa Liqasının qrup mərhələsində Vyana “Rapid"i ilə Minsk “Dinamo"sunun (2:1) oyununu idarə etdi. Özü də deyilənlərə görə, yüksək səviyyədə, səhvsiz-filansız. Çox gözəl, çox pakizə. Amma bilmirəm, qrup mərhələsinin oyununu idarə edəcəyinindəndir, ya başqa səbəbdən, amma Ağayev özünü ulduz kimi aparmağa başlayıb. Nədən hiss eləmişəm? Məsuliyyətinin azalmasından. Və ya, məsuliyyətsizliyinin artmasından.
Dekabrın 2-də və 3-də Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları keçirildi. Bu oyunlardan biri də “Bayıl Arena"da “Rəvan"la “Bakı" arasında oynanıldı ki, matçın baş hakimi məhz Ağayev idi. Deməli, oyunun 90 dəqiqəsi tam yekunlaşmamış Əliyar final fitini verir. “Rəvan"da 1:0 hesabı ilə qalib gələrək 1/4 finala vəsiqə qazanır. Ancaq oyundan sonra FİFA referisi “Bakı" klubunun ciddi etiazı ilə qarşı-qarşıya qalır. Əslində, etiraz da, irad da doğru idi. İkinci hissənin gedişində futboluların zədələnməsi səbəbindən oyun bir neçə dəfə dayanmışdı. Eyni zamanda hər komanda 3 əvəzləmədən istifadə etmişdi. Vaxt itkisi olmuşdu və hakim aşağısı-yuxarısı oyuna 4 dəqiqə artırmalı idi. Minimum 4 dəqiqə. Ancaq Ağayev heç yarım dəqiqə də artırmır və oyundan sonra da qərarını belə izah edir ki, guya futbolçular ona yaxınlaşıb hava soyuq olmasını və əlavə vaxt artırmadan oyunu tez qurtarmasını xahiş edib.
Birincisi, o sözü deyən futbolçunun, əgər deyibsə, peşəkarlıqdan xəbəri yoxdur. Heç eləsinə futbolçu demək doğru deyil. İkincisi, ola bilsin ki, 1-2 futbolçu bunu dilə gətirsin. Amma inanmıram ki, “Rəvan"ın və “Bakı"nın futbolçuları kütləvi şəkildə hakimdən bunu xahiş etsinlər.
Üçüncüsü, lap tutaq ki, futbolçular belə bir xahiş ediblər. Bəs, ay Əliyar, sənin ağlın, düşüncən və ən əsası peşəkarlığın harada qaldı? Məgər sən futboçunun hər dediyini etməlisən? Onda belə çıxır ki, sifarişlə işləyirsən? Bunun başqa izahı yoxdur. Məntiqlə belə qənaətə gəlmək olur ki, yayda da gəlib deyəcəklər ki, Əliyar, istidən bağrımız çatladı, oyunu tez qurtar. Yenə də tez qurtaracaqsan? Və ya əksinə, 0:0 olan oyunda gəlib səndən xahiş eləsələr ki, imkan ver qol vurulana qədər oynayaq, sən də “hə" deyəcəksən? Yaxud dekabrın 19-20-nə düşən son tur günü yerə qar-zad düşsə, futbolçuların məsləhəti ilə oyunu ləğv eləyəcəksən? Bu nə çürük təfəkkürdü? Bu təfəkkürlə hara gedirsən? Ayıbdı! Bunu adi dərəcəli hakim etsəydi, haradasa malalamaq olardı. Ancaq FİFA referisinə bu cür məsuliyyətsizlik, bu cü qeyri-peşəkarlıq yaraşmaz. UEFA xəbər tutsa, nəinki qrup, heç U-17-lərin də yarışlarında üzünü görə bilməyəcəyik.

Anar XANLAROV “Het-trik news” qəzeti




 
Bölməyə aid digər xəbərlər
11.02.2014
Hüseyn Cəbrayıloğlu: “Mustafa Dənizlini hətta Madrid “Real”ı da istəyə bilər”

Şərh əlavə olunmayıb

Facebook-da
23.11
14:00
Maksim Medvedev:
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info