Təbii köp dərmanı - YAZI
Tarix: 04.07.2014 | Saat: 14:40:00 | Oxunub: 84 | E-mail | Çapa göndər
Natiq MUXTARLI |

Hə, hamının köpü alındı, məncə. Həmişə belə olur ey. Avrokubokların startına qədər köplü oluruq.

Şanlı jurnalistlərimiz Azərbaycan klublarına rəqib olan komandaların rəhbər şəxslərini, baş məşqçilərini “bizim pulumuz, büdcəmiz sizi qorxutmur” sualı ilə əsir-yesir edirlər. Onlar da belə bambılı sualları “xətir-hörmətə” cavablayırlar. Sonra da meydanda pullu klublarımızı əsir-yesir edirlər. Bununla da əhli-Azərbaycanın köpü alınır. Dərmansız-zadsız. Təbii üsullarla. Əhli-Azərbaycanın bu mövsümlük köpünü alan “Qəbələ”nin dırnaqdan-təpəyə qədər peşəkar olan rəhbərliyinə bir “eşq olsun” deyək bu yerdə.

“Qəbələ” “Şiroki Briyeq” qarşısında biabır olmazdan bir neçə gün əvvəl PFL də 6 yaşını qeyd edirdi. Yenə də şanlı jurnalistlərimiz səslərini atmışdı başlarına. 6 ildə 666 pillə irəliləməyimizdən-zaddan danışırdılar.

Və məlum oldu ki, nə qədər irəliləsək də, hələ də Bosniya və Hersoqovinanı ötə bilməmişik.

“Qəbələ”nin büdcəsi 18 milyon dollardı. “Şiroki Briyeq”in də illik sərfiyyatı 1,8 milyon dollar. “Qəbələ”nin pulu bosniyalıları məğlub etməyə çatmadı. Əvəzində onlar gördükləri işlə, əməlləri ilə “Qəbələ”nin də, onun pullu rəhbərliyinin də dizini yerə gətirdi.
“Qəbələ” “Şiroki Briyeq”ə niyə qalib gəlməliydi ki? Bosniyalıların heyətində gələcəyin Dzekosu, İbişeviçi, Hayroviçi, Pyaniçi, Luliçi oynayırdı. 2 ildən sonra onların səsi Avropanın aparıcı klublarından gələcək.
Bəs “Qəbələ”nin heyətində kimlər oynayırdı? Avropada heç bir kluba lazım olmayan “otxod” legionerlər. Və bir də Ruslan Abışov, Nizami Hacıyev, Kamran Ağayev.

Ruslan Abışovun kürəyinə baxsanız görəcəksiniz ki, yataq yarası var orda. Kazanda yatmaqdan əmələ gəlib. Kamran Ağayev “26 yaşında ölkəni tərk edəcəm” demişdi. Yavaş-yavaş Şabrana yaxınlaşır. İndiyə qədər 26 dəfə karyerasını bitirdiyini bəyan edib. Nə qalıb ki, Şabrana? Bitirər, inşallah. Nizami Hacıyev bir müddət əvvəl hansısa Polşa klubunun düşərgəsinə getməkdən imtina etmişdi. “Qorxuram” demişdi.

Qəbələdəki qarşılaşmadan bir neçə gün əvvəl Bosniya və Hersoqovina millisi Braziliyada idi ey. “Qəbələ” “Şiroki Briyeq”i niyə məğlub etməliydi? Hansı məntiqlə, hansı arqumentlə? “PFL 6 yaşına çatıb” arqumenti ilə? Yoxsa Fariz Nəcəfovun “baş məşqçimiz dedi ki, bu rəqibi məğlub edəcəyik” məntiqi ilə?

Fariz müəllimə deyin ki, halva-halva deməklə ağız şirin olmur. Ağızın şirin olması üçün halvanı bişirmək lazımdı. Bunlar onu bacarmayacaqlar. Nəcəfova deyin ki, ayağını qoysun Şəkiyə, halva alıb yesin. Yaman şirin olur Şəki halvası...




 
Müəllifin son yazıları

31.03.2014 “Xəzər Lənkəran”ı çıxmaq şərtilə... (YAZI)

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info