“Xəzər Lənkəran”ı çıxmaq şərtilə... (YAZI)
Tarix: 31.03.2014 | Saat: 18:37:00 | Oxunub: 88 | E-mail | Çapa göndər
Natiq MUXTARLI |

Azərbaycan Premyer-Liqasında qış fasiləsi başa çatdı.

Fasilədən sonra keçirilən ilk turda isə gözlənilməz nəsə baş vermədi. Hər kəs öz qabındaydı. Təkcə, “Xəzər Lənkəran”ı çıxmaq şərtilə. Cənub təmsilçisi “Qarabağ”a səfərdə qalib gəlməklə AFFA, PFL rəsmilərinin qarnına sancı saldı. Qarınlarının ağrısını kəsib “Xəzər Lənkəran”ın başını ağrıtmağın yollarını arayacaqlar yəqin.

Qarşılaşmalardan sonra keçirilən mətbuat konfransları oyunlara nisbətən daha maraqlı alındı. Məlum oldu ki, “Rəvan”ın baş məşqçisi təyin olunandan bəri göylə gedən Güvənc Kurtar artıq Bakı küçələrində veyillənməklə məşğuldu. “Bakı” ilə oyundan sonra Güvəncin güvəncindən bir zad qalmamışdı. İlk məğlubiyyətdən sonra göylərdən enən türk vəd verdi: “Bir də belə aciz “Rəvan” görməyəcəksiz”.

Bundan sonrası aydındı daha. İkinci məğlubiyyətdən sonra Kurtar futbolçuların səviyyəsindən şikayətlənəcək. Üçüncü məğlubiyyət büdcənin azlığı məsələsini qabartmaq zərurəti yaradacaq. 4-cü məğlubiyyət şəraitsizliyi ön plana çıxardacaq. 5-ci məğlubiyyətdən sonra Güvənc Kurtar dabanına tüpürəcək, düz Türkiyəyə qədər qaçacaq.

Bəhmən Həsənovun, Vladislav Qədirovun gəlhagəlidi. Qarşıdan yaz gəlir. Havalar isinəcək. Bəlkə Kurtarın qaçışı ilə yazda bəxtlərinə gün doğdu.


Böyükağa Hacıyev “Neftçi”nin “Simurq”u məğlub etməsindən necə vəcdə gəlibsə, elə belə də deyib: “Neftçi” hazır maşındı, işə sal, sür”. Amma “Neftçi” “Skenderbeu” ilə oyundan sonra hazır maşın deyildi axı. Motoru tökmüş maşın idi. Maşının texniki göstəriciləri yerində olmayanda motoru tökər, məncə. O maşının motorunu da Hacıyev tökmüşdü. Eləcənə də qoyub getdi. İndiki hazır maşının motorunu Tərlan Əhmədov yığdı. Hamının haqqını vermək lazımdı, Böyükağa müəllim. Siz ədalətli adamsız axı... Rahatlıqla sürün.


Qurban Qurbanov Jaba Dvalinin meydanda olduğu müddəti belə xarakterizə etdi: “Dvali meydana çıxandan sonra topa daha çox nəzarət etdik”.

Mən də elə bilirdim ki, Qurban müəllim Dvalini meydana qol vurmaq üçün buraxıb. Yanılmışam. Nə məsələdisə, “Qarabağ” qış transfer dönəmində heyətə cəmisi bir futbolçu cəlb edib. O da gürcü. Adamın yadına Qurbanovun Gelaşviliyə görə mətbuat nümayəndələri ilə üz-göz olması düşür. Deyəsən, Dvali də elə mətbuatın acığına alınıb axı...

Gürcü mafiyasının təkidi ilə alınmayacaqdı ki...Olmazdı ki, mətbuatın acığına topu özündə çox saxlayan yox, çox qol vuran futbolçu alınaydı? Olardı. Olsaydı, mətbuatla kim üz-göz olacaqdı?

“Qarabağ” bu il də çempion olmasa, günahkar mətbuat olacaq. “Qarabağ”ın gürcülərini təzyiq altında saxladığına görə...




 
Müəllifin son yazıları

04.07.2014 Təbii köp dərmanı - YAZI

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info